Modern.az

Milli Məclisin töhmət alan sədr müavini istefa ərizəsi yazıb?

Milli Məclisin töhmət alan sədr müavini istefa ərizəsi yazıb?

Parlament

11 Dekabr 2025, 23:02

Bu ilin dekabrın 8-də Milli Məclisdə baş verən gərginlik siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Belə ki, “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans zamanı vitse-spiker Rafael Hüseynovla Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı arasında mübahisə yaranmışdı.

Hadisə mediada geniş əks olunmuş, müxtəlif reaksiyalara səbəb olmuşdu. Konfransın moderatorluğunu edən Rafael Hüseynov çıxış üçün dəvət olunmuş Sabir Rüstəmxanlının sözünü yarımçıq kəsmişdi. Vitse-spiker bunun səbəbini ona ayrılan vaxtın bitməsi ilə izah etmişdi.

Lakin Sabir Rüstəmxanlı bu münasibəti etirazla qarşılamış, bildirmişdi ki, əgər konfransa dəvət olunublarsa, fikir bildirmək üçün şərait də yaradılmalıdır. Rüstəmxanlının sözlərinə görə, moderator hər çıxışdan sonra uzun-uzadı izahat verdiyi halda qonaqlar üçün ayrılan vaxtı məhdudlaşdırmaq ədalətli deyil. Onun “Bu cür hörmətsizlik olmaz” ifadəsi müzakirələrin əsas sitatına çevrilmişdi. Gərginlikdən sonra Xalq şairi konfransı yarımçıq tərk etmişdi.

Gərginlikdən sonra məsələnin siyasi müstəvidə davam edib. Bu gün məlum olub ki, Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası vitse-spiker Rafael Hüseynova töhmət elan edib. Partiya rəsmiləri hesab ediblər ki, Hüseynovun davranışı nə etik, nə də siyasi baxımdan qəbul olunandır.

Qərarda xüsusi vurğulanıb ki, partiya sədrinin çıxışını yarımçıq kəsmək VHP üzvü olan bir deputat üçün yolverilməz davranışdır.

MNTK-nın açıqlaması gözlənilməz qərar kimi qiymətləndirilib. Modern.az-ın əldə etdiyi özəl məlumata görə, proses bununla da yekunlaşmır.

Məlumata görə, Rafael Hüseynov artıq VHP-dən istefa vermək barədə qərar qəbul edib. Hüseynovun istefa ərizəsini sabah rəsmən təqdim edəcəyi deyilir. Bu addımın isə həm partiya daxilində, həm də parlamentdə müəyyən dəyişikliklərə səbəb olacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, qarşıdurma VHP daxilində yeni müzakirələrə yol açacaq.

Əməkdaşlarımızın dəfələrlə Rafael Hüseynova telefon zəngi cavabsız qaldığından onun fikirlərini öyrənmək hələ ki, mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?