Avropa Parlamentinin qəbul etdiyi sözügedən qətnamə mahiyyət etibarilə hüquqi sənəddən daha çox siyasi xarakter daşıyan, selektiv yanaşmaya əsaslanan və regional reallıqları, eləcə də Azərbaycanın milli maraqlarını nəzərə almayan bir mövqe ifadəsidir. Bu cür sənədlər son illər Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları tərəfindən tez-tez təşəbbüs edilərək, insan hüquqları mövzusu pərdəsi altında konkret dövlətlərə qarşı təzyiq alətinə çevrilir.
Azərbaycan müstəqil, suveren və hüquqi dövlətdir. Ölkədə hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti Konstitusiya və mövcud qanunvericilik əsasında həyata keçirilir. Cinayət işləri ilə bağlı qərarlar siyasi təsisatların deyil, məhz məhkəmələrin səlahiyyətindədir.
Avropa Parlamentinin konkret məhkəmə işlərinə münasibət bildirməsi, şəxslərin günahkarlığı və ya təqsirsizliyi barədə hökm verən ritorikadan istifadə etməsi hüquqi baxımdan qəbuledilməz olmaqla yanaşı, dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Qətnamədə səsləndirilən “siyasi məhbus” anlayışı isə beynəlxalq hüquqda vahid və məcburi hüquqi tərifə malik deyil. Bu termin daha çox siyasi kontekstdə istifadə olunur və bir sıra hallarda subyektiv yanaşmalarla formalaşdırılır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkədə heç kim siyasi baxışlarına görə deyil, konkret qanun pozuntularına görə məsuliyyətə cəlb olunur. Bu mövqeni Avropa Şurası və digər beynəlxalq platformalarda aparılan dialoqlarda da ardıcıl şəkildə ifadə edib. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Avropa Parlamenti bu cür qətnamələrdə regionda mövcud olan təhlükəsizlik çağırışlarını, uzun illər Azərbaycanın üzləşdiyi işğal faktını, terror və separatizm risklərini, eləcə də post-münaqişə dövrünün həssas reallıqlarını ya tamamilə görməzdən gəlir, ya da məqsədli şəkildə kənarda saxlayır. Halbuki milli təhlükəsizlik məsələləri hər bir dövlət üçün legitim və prioritet məsələdir və bu sahədə qəbul edilən qərarların kontekstdən çıxarılaraq qiymətləndirilməsi obyektiv yanaşma sayıla bilməz. Digər tərəfdən, Avropa İttifaqı institutlarının Azərbaycana münasibətdə nümayiş etdirdiyi bu yanaşma tərəfdaşlıq ruhuna da ziddir.
Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayan, regional sabitliyə töhfə verən və çoxtərəfli əməkdaşlığa açıq olan dövlətdir. Belə bir tərəfdaşla münasibətlərin ultimatum dili, sanksiya çağırışları və siyasi təzyiq ritorikası üzərindən qurulması nə dialoqa, nə də qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd edilməlidir ki, insan hüquqları məsələləri qarşılıqlı hörmət, bərabərhüquqlu dialoq və konstruktiv əməkdaşlıq müstəvisində müzakirə olunduqda real nəticə verə bilər. Seçici yanaşma, ikili standartlar və siyasi sifarişli qətnamələr isə bu sahədə səmimi niyyətlərin mövcudluğunu şübhə altına alır. Avropa Parlamentinin sözügedən qətnaməsi Azərbaycan-Aİ münasibətlərinə töhfə verməkdən daha çox, qarşıdurma və etimadsızlıq mühiti yaradır. Azərbaycan isə bundan sonra da öz suveren hüquqlarına, milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə əsaslanaraq daxili siyasi-hüquqi proseslərini müstəqil şəkildə həyata keçirməyə davam edəcək. Dialoq və əməkdaşlıq isə yalnız qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri əsasında mümkün ola bilər.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı