Azərbaycan insan orqanlarının qanunsuz dövriyyəsi ilə bağlı ağır əziyyətlər çəkmiş ölkələrdən biridir. Bildiyiniz kimi, bu günədək Birinci Qarabağ müharibəsindən sonra təxminən dörd min insanın taleyi hələ də naməlum olaraq qalır. Onların böyük bir hissəsi orqan alverinin qurbanına çevrilib, ayrı-ayrı dövlətlərə satılıb. Bu faktlar Azərbaycanda ədalətli şəkildə keçirilən erməni mənşəli şəxslərin məhkəmələrində onların özləri tərəfindən etiraf edilib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Deputat qeyd edib ki, həmin şəxslər bir-bir kütləvi məzarlıqların yerlərini göstəriblər, insanların harada kütləvi şəkildə qətlə yetirildiyini, hansılarının müxtəlif ölkələrə satıldığını və bu cinayətlərin orqan mafiyası çərçivəsində həyata keçirildiyini etiraf ediblər.
“Buna baxmayaraq, bu gün müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli beynəlxalq konvensiyalara qoşulmasını görməzlikdən gələrək, ölkəmiz barədə insan hüquqlarının pozulması, cinayətkarlara və terrorçulara oxunan hökmlərin guya ədalətsiz olması ilə bağlı fikirlər səsləndirirlər.
Qeyd etdiyim kimi, həmin şəxslər öz cinayətlərini açıq şəkildə etiraf ediblər. İndi isə bir neçə erməninin aldığı beş-on manat müqabilində, onsuz da Azərbaycana qarşı daim qərəzli mövqedə duran bəzi beynəlxalq təşkilatlar bu dəfə də maddi maraqlar hesabına hərəkət edirlər. Human Rights Watch və digər insan hüquqları təşkilatları vaxtilə hətta Ermənistan tərəfindən dəstəklənmiş məhkəmə hökmlərinə qarşı çıxış etməyə başlayıblar”.
Təəssüf ki, bu prosesdə içimizdən çıxan, lakin bu gün Azərbaycanda olmayan, xaricdən yönləndirilən bəzi “insan hüquqları müdafiəçiləri” də eyni mövqedən çıxış etmirlər. Bu insanlara çıxarılan ədalətli hökmü onları daha da qıcıqlandırır. Çünki Xocalı faciəsini törədənlər onların dayılarıdır”.