Qanuna uşaqların müxtəlif elmi-tədqiqatlara cəlb edilməsi ilə bağlı müddəanın əlavə edilməsi və ya qanundan irəli gələn normaların hazırlanması zamanı bu məsələnin nəzərə alınması məqsədəuyğun olardı. Uşaqlar həssas əhali qrupudur və buna görə də tədqiqatlarda iştirakları zamanı əlavə qorunmaya ehtiyac duyurlar.
Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Pərvanə Vəliyeva “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, uşaq sağlamlığının qorunması və yaxşılaşdırılması bəzi kliniki tədqiqatların aparılması zərurətini yaradır. Və ya uşaqların fikirlərinin öyrənilməsi ehtiyac duyulan, sonda bu sahədə siyasətlərin təkmilləşdirilməsini hədəfləyən sosial tədqiqatlar aparılır.
“Ölkəmizdə də uşaqların kliniki, operativ və sosial tədqiqatlarda iştirakı təcrübəsi var. Müxtəlif elmi-tədqiqat institutları, assosasiyalar, ictimai birliklər tərəfindən uşaqların da cəlb olunması ilə kəmiyyət, keyfiyyət sorğuları, eləcə də, kliniki tədqiqatlar aparılır. Lakin tədqiqatlarda iştirak edən uşaqların hüquqlarının qorunmasına dair mövcud qaydalar təlimat səviyyəsindədir, NK normaları yalnız kliniki tədqiqatları əhatə edir, operativ və sosial tədqiqatlar isə əhatə olunmur. Məsələn, ABŞ və Avropa İttifaqında bu məsələyə qanunvericilik səviyyəsində aydınlıq gətirilir”.
“Bu qanunun 17-ci maddəsinin 5-ci – “Uşaqlara aid fərdi məlumatların toplanması, emalı və mühafizəsi qanunla müəyyən edilir dedikdə, burada yəqin ki, “Fərdi məlumatlar haqqında” AR qanuna istinad edilir. Lakin bu qanunun da özündə də yenilənməyə ehtiyac var, çünki - 2010-cu ildə bu qanun qəbul edilərkən süni intellekt həyatımıza bu dərəcədə siraət etməmişdi.
17.5-ci bənddə həm də qeyd oluna bilər: Uşaqlar arasında sorğular və tədqiqatlar yalnız müvafiq sertifikasiyaya malik psixoloqun müşayiəti ilə, onun qanuni nümayəndələrinin yazılı razılığı və iştirakı ilə aparıla bilər. Uşaqlar tədqiqatın istənilən mərhələsində iştirakdan imtina etmək hüququna malikdir.
Elmi tədqiqatın etik prinsiplərə müvafiqliyini Etik Komissiyalar (Etik Məsələlər üzrə Müşahidə Şurası) dəyərləndirir. Hər elmi-tədqiqat müəssisəsi öz daxilində etik komitə yaradır və tədqiqatı qiymətləndirilir. Lakin təklif edirəm ki, məhz uşaqların cəlb olunduğu tədqiqatların etik qiymətləndirməsi mərkəzləşmiş qaydada aparılsın. Uşaqların cəlb olunduğu tədqiqatların etik qiymətləndirilməsi müvafiq Dövlət Komitəsinə həvalə olunsun. Məqsəd tədqiqatçıların işini artırmaq deyil, uşaqların hüquqlarını təmin etmək, onları xarici təsirlərdən və sui-istifadə hallarından qorumaqdır” – deputat qeyd edib.