“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihə bu gün Milli Məclisin plenar iclasında II oxunuş üçün müzakirəyə təqdim olunub.
Modern.az xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanuna dəyişikliklə bağlı məlumat verib.
Komitə sədri təklif edilən dəyişikliklə bağlı deputat Qüdrət Həsənquliyevin iradlarına da cavab verib:
"Dövlət mənafeyinin və milli maraqların qorunması naminə strateji əhəmiyyətə malik investisiyaların alınmasının hüquqi əsaslarını müəyyən edir. Layihə barədə I oxunuşda geniş məlumat verilib. Müzakirələrin gedişində hörmətli həmkarımız Qüdrət Həsənquliyev tərəfindən bir sıra opponent fikirləri səsləndirilib. Təbii ki, həmin fikirlərə münasibət bildirməklə yanaşı, bəzi məsələlərə də aydınlıq gətirmək istərdim.
İddia edilir ki, qanuna təklif olunan dəyişikliklər dövlətin təhlükəsizliyini qorumur, əksinə ona qarşıdır. Bu cür fikirlər əsaslı deyil, həm də reallığı əks etdirmir. Təqdim edilən layihə nəinki dövlət mənafeyinin qorunmasını, hətta bunun üçün hüquqi mexanizmin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsinin konstitusiya ilə ziddiyyət təşkil etməsi səslənən opponent fikirlərindən biridir. Hörmətli Qüdrət müəllim əsaslandırmağa çalışır ki, əsas qanunumuz dövlət maraqları naminə strateji investisiyaların alınmasına imkan vermir. Və bunu Konstitusiyada mülkiyyətin alınmasının yalnız dövlət ehtiyacları üçün nəzərdə tutulması ilə izah edir. Fikrimizcə, formal hüquqi istinadların özünün də bəzən ciddi arqumentasiyasına ehtiyac yaranır.
Təqdim etdiyimiz layihə əsas qanunumuzla heç bir ziddiyyət təşkil etmir, əksinə, kifayət qədər konstitusion əsaslara söykənir”.
Komitə sədri əlavə edib ki, “dövlət ehtiyacları” anlayışının əhatə dairəsinin geniş olduğundan bu əsasla əmlakın alınmasının təkcə sənaye, təsərrüfat, şəhərsalma və infrastruktur məqsədləri ilə məhdudlaşmadığını nəzərə almaq lazımdır:
"Digər bir tərəfdən də beynəlxalq investisiya hüququnun standartlarına və prinsiplərinə əsasən “dövlət ehtiyacları” ingilis dilində “public purpose” termini olaraq dövlət mənafeyinin, milli və ictimai təhlükəsizliyin, sosial-iqtisadi sabitliyin, strateji sektorların qorunması ilə bağlı geniş önləyici tədbirləri də əhatə edir. Başqa sözlə, dövlət mənafeyi naminə həyata keçirilən ekspropriasiya həm də dövlət ehtiyacları üçün mülkiyyətin alınması kateqoriyasına aiddir.
Beynəlxalq hüquq, strateji investisiyaların dövlət üçün doğurduğu təhdidləri tanımaqla yanaşı, onların qarşısının alınması üçün hüquqi mexanizmlər təklif edir. Bu mexanizmlər “Right to regulate” (tənzimləmə hüququ), “National security exception (milli təhlükəsizlik istisnaları), “Essential security interests” (əsas təhlükəsizlik maraqları) adları altında tətbiq olunur və dövlət mənafeyinin qorunması sahəsində önləyici tədbirləri, o cümlədən ekspropriasiyanı özündə birləşdirir. Bu mexanizmlər dövlətin strateji risklərə qarşı müdaxilə hüququnu legitimləşdirir.
Təqdim etdiyimiz layihə üçün konstitusion əsasları yaradan həm də Əsas qanunumuzun 59-cu maddəsinin 2-ci hissəsidir. Burada təsbit edilir ki, dövlət sahibkarlıq sahəsində, yəni həm də investisiya fəaliyyətində dövlət maraqlarının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
Nəhayət, əsas qanunumuzda “Mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməz” müddəası mövcuddur.
Həmçinin iddia edilir ki, təklif edilən dəyişikliklər investisiya qoyuluşunda ciddi problemlər yaradacaq. Xatırlatmaq istərdim ki, təqdim etdiyimiz layihənin müddəaları hələ 1992-ci ildə qəbul edilmiş və 30 il ərzində qüvvədə olmuş “Xarici investisiyalar haqqında” qanunda öz əksini tapmışdır. O zaman sual olunur ki, bu maddənin qüvvədə olduğu illərdə hansı investor bu səbəbdən ölkəni tərk edib? Həmin müddəalar investisiya mühitini bu qədər pisləşdirirsə də, bu on illiklər ərzində ölkəmizə 350 milyard dollar xarici sərmayə necə cəlb edilib?
Layihənin mülkiyyət toxunulmazlığı və investor hüquqları üçün təhdid yaratması fikrini də əsaslı hesab etmirik. Çox hörmətli Qüdrət müəllim! Bu layihə sizin təbirinizcə desək investisiyanı və əmlakı investorun əlindən almaq məqsədi ilə hazırlanmayıb. Dünyanın heç bir yerində kompensasiya və qanun əsaslı ekspropriasiya investor hüquqlarının pozulması halı kimi dəyərləndirilmir. Digər bir tərəfdən də Azərbaycan Respublikasının konstitusiyası və qanunvericilik sistemi həm mülkiyyət hüququnu qoruyur, həm də investor hüquqlarına təminat verir".
Azər Əmraslanov qanunun qəbulundan sonra hansı hallar üçün tətbiq ediləcəyi, nə üçün konkret misallar və nümunələr göstərilmədiyi ilə bağlı da danışıb:
"Bu layihənin məqsədi strateji investisiyaların və onların doğuracağı hər hansı təhdid və risklərin təsnifatını müəyyən etməkdən ibarət deyil. İnvestisiya fəaliyyəti haqqında qanunun milli təhlükəsizlik sənədi olmadığını da nəzərə almalıyıq. Həm də 1-ci oxunuşda təqdimat zamanı bu barədə ümumi şəkildə məlumat verilmişdir.
Ümumiyyətlə, beynəlxalq arbitraj hüququna əsasən, hansı halın və ya riskin milli təhlükəsizlik baxımından təhdid olduğunu dövlət özü müəyyən edir. Təqdim etdiyimiz layihənin müddəalarına əsasən bu təhdidlər və bunu doğuran strateji investisiyalar, tətbiq edilən ekspropriasiya rejimi və kompensasiya şərtləri, zərurət olduğu halda, parlamentin bu kimi müstəsna hallarla bağlı qəbul edəcəyi qanunlarda öz əksini tapacaqdır.
“İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif etdiyimiz dəyişikliklərin konstitusion əsaslara malik olduğunu, milli maraqların və dövlət mənafeyinin qorunmasına və iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini, dünya təcrübəsinə və beynəlxalq investisiya hüququnun prinsiplərinə əsaslandığını nəzərə alaraq, qanun layihəsinin 2-ci oxunuşda dəstəklənməsini xahiş edirəm".