Modern.az

Radikal addımın arxa planı: Heç bir qüvvə Azərbaycanın strateji kursuna kölgə sala bilməz

Radikal addımın arxa planı: Heç bir qüvvə Azərbaycanın strateji kursuna kölgə sala bilməz

Parlament

20 Fevral 2026, 18:19

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə səfəri çərçivəsində qaldığı hotel ətrafında müəyyən radikal ünsürlər tərəfindən törədilən təxribat xarakterli müdaxilə cəhdi ölkəmizin müstəqil və prinsipial siyasətinə qarşı yönəlmiş məqsədyönlü kampaniyanın növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu hadisə bir daha göstərir ki, Azərbaycanın milli maraqlara əsaslanan qətiyyətli və ardıcıl mövqeyi bəzi dairələrdə narahatlıq doğurmaqda davam edir.


Müstəqillik tariximizin təhlili açıq şəkildə sübut edir ki, Azərbaycan Respublikası beynəlxalq hüquqa söykənən, milli maraqları prioritet götürən siyasi kursunu ardıcıl və dönməz şəkildə həyata keçirdiyi hər mərhələdə müxtəlif təzyiq, təhdid və təxribat cəhdləri ilə üzləşmişdir. Lakin bu cəhdlərin heç biri dövlətimizin strateji iradəsini sarsıda bilməmiş, ölkəmiz öz müstəqil siyasi xəttindən bir addım belə geri çəkilməmişdir.


Vaşinqtonda baş vermiş son hadisə də məhz bu kontekstdə dəyərləndirilməlidir. Marginallaşmış və radikal mövqeləri ilə seçilən bir qrupun süni ajiotaj yaratmaq və diqqət çəkmək məqsədi daşıyan addımları nə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, nə də ölkə rəhbərliyinin həyata keçirdiyi uzaqgörən və ardıcıl strateji kursa təsir göstərmək iqtidarındadır. Əksinə, bu cür destruktiv davranışlar həmin dairələrin siyasi məsuliyyətsizliyinin və konstruktiv prosesləri qəbul etməmələrinin bariz göstəricisidir.


Vaşinqtonda davam edən sülh gündəliyi, regionda sabitliyin və uzunmüddətli təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlmiş təşəbbüslər fonunda belə təxribatların baş verməsi təsadüfi sayıla bilməz. Sülh prosesinin irəliləməsini, bölgədə yeni əməkdaşlıq mühitinin təşəkkülünü istəməyən və dialoq platformalarını qəbul etməyən qüvvələr məhz bu kimi qeyri-konstruktiv üsullara əl atırlar.


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionun aparıcı aktorlarından biri kimi müstəqil qərarlar qəbul edən, qlobal təşəbbüslərlə çıxış edən və beynəlxalq proseslərdə fəal iştirak edən güclü və etibarlı tərəfdaşdır. Ölkəmizin artan beynəlxalq nüfuzu, həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində qurulmuş çoxtərəfli əməkdaşlıq mexanizmləri və regionda formalaşmış yeni reallıqlar obyektiv və danılmaz həqiqətdir.


Dövlət başçısının təhlükəsizliyinə, nüfuzuna və fəaliyyətinə qarşı yönəlmiş hər hansı aqressiv addım mahiyyət etibarilə Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. 
Azərbaycan dövlətinin möhkəm siyasi iradəsi, güclü institusional dayaqları və xalq–iqtidar birliyi bu kimi cəhdləri hər zaman nəticəsiz qoymuşdur və bundan sonra da qoyacaqdır. Tarix dəfələrlə sübut etmişdir ki, təxribatlar müvəqqəti xarakter daşıyır, lakin güclü dövlətçilik ənənələri və milli birlik davamlı və sarsılmazdır.


Kimliyindən və mövqeyindən asılı olmayaraq ölkəmizin möhkəmlənən nüfuzuna xələl gətirmək niyyətində olan hər kəs bilməlidir ki, Azərbaycanın müstəqil siyasəti möhkəm təməllər üzərində qurulmuşdur və heç bir süni kampaniya, aqressiv ritorika və ya lokal təxribat bu strateji xəttə kölgə sala bilməz.


Azərbaycan Respublikası öz prinsipial mövqeyi, siyasi iradəsi və milli birliyi ilə qarşıya çıxan bütün süni maneələri qətiyyətlə dəf etməyə və güclü mövqeyini qorumağa tam qadirdir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?