“Dünyada baş verən mürəkkəb proseslərə, artan münaqişələrə və geosiyasi kataklizmlərə baxmayaraq, 2025-ci il Azərbaycanın siyasi və diplomatik həyatında böyük tarixi əhəmiyyətə malik hadisələrlə zəngin oldu”.
Modern.az xəbər verir ki, bunu deputat Azay Quliyev Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
Deputat bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 80 ildə ərazi bütövlüyünü öz gücülə bərpa edən yeganə ölkə kimi, avqustun 8-də Vaşinqton Sammitində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülhün də əldə olunmasına nail oldu.
“Məhz dövlət başçısının apardığı qətiyyətli siyasət nəticəsində Ermənistanla milli maraqlarımızı özündə əks etdridən sülh sazişinin mətni paraflandı, keçmiş münaqişənin həllinin beynəlxalq müstəvidə təsdiqi kimi ATƏT-in Minsk qrupu və ona bağlı strukturlar birdəfəlik ləğv edildi, bəzi region dövlətlərinin əsassız müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması və onun tərkib hissəsi olan TRIPP layihəsi haqqında razılıq əldə olundu, Ermənistana işğal dövründən bəri tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırıldı və beləliklə, regionumuzda de-fakto sülhün bərqərar olunması təmin edildi”.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Haqqında Xartiyanın hazırlanması və bu ilin 10 fevral tarixində Bakıda imzalanması, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbulu, ölkəmizin D-8 təşkilatına və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv olması, habelə Türk Dövlətləri Təşkilatının güclənməsinə yönəlik təşəbbüslər ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirdi.
Prezidentin milli maraqlarımızın qorunması istiqamətində həyata keçirdiyi bu siyasətin, xüsusilə, sülh gündəliyinin nə qədər uzaqgörən və həyati əhəmiyyət daşıdığının hazırda davam edən ABŞ, İsrail–İran müharibəsinin yaratdığı real təhlükəsizlik riskləri fonunda bir daha şahidi olduq.
“Hesab edirəm ki, təkcə, elə bu naliyyyətlərə, belə mürəkkəb beynəlxalq şəraitdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunmasına nail olduğuna görə hökumətin fəaliyyətini yüksək qiymətləndirməli və təqdim olunan hesabata müsbət səs verməliyik”.
A. Quliyev bildirib ki, Nazirlər Kabinetinin iqtisadi və sosial sahədəki fəaliyyəti haqqında deyilən bütün müsbət fikirlərə qoşuluram və hesab edirəm ki, bütün obyektiv çətinliklərə baxmayaraq hökumət 2025-ci ildə qarşısında duran əsas vəzifələrin öhdəsindən layiqincə gəlibdir.
“Xüsusilə qeyd edilməlidir ki, ötən il ölkənin maliyyə dayanıqlığı qorunmuş, vergi və gömrük daxilolmaları proqnozlaşdırıldığından daha yüksək səviyyədə təmin edilmiş, eyni zamanda bizim üçün prioritet sayılan qeyri neft-qaz sektorunda da artım əldə olunmuşdur. Hökumətin 2025-ci ildəki fəaliyyətinin uğurlu istiqamətlərindən biri də ölkəmizin süni intellekt və informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilməsi üçün həyata keçirdiyi siyasətdir. Təqdirəlayiq haldır ki, hesabat ilində əhalinin sosial rifahının yüksəldilməsi, təhsil və səhiyyənin inkişaf etdirilməsi hökumətin ən çox diqqət yetirdiyi sahələrdən biri olmuş, pensiyaların, sosial müavinətlərin və əməkhaqlarının artırılması, sosial dəstəyə ehtiyacı olan insanlara, xüsusilə şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının daha da gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür.
Çıxışımı yekunlaşdırmamışdan öncə əvəllər də qaldırdığım bir məsələ, 6-cı mikrorayonda yerləşən və uzun müddətdir istismara yararsız vəziyyətdə olan 27 saylı poliklinikanın binasının sökülərək yerində yeni Ailə Sağlamlıq Mərkəzinin tikilməsi ilə bağlı yaranmış vəzyiyyət haqqında Sizə məlumat vermək istərdim” – o sonda qeyd edib.