Şəkidə 22 məntəqədə qazlaşdırma işləri aparılmayıb/
Modern.az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.
"Ölkəmizin ən böyük kəndlərindən olan Şəki rayonunun Baş Göynük və Baş Şabalıd kəndlərini rayon mərkəzi və digər kəndlərlə birləşdirən yolun 11,1-ci km-liyində 2005-ci ildə Şin çayı üzərində 3 aşırımlı körpü inşa edilmişdir. Qeyd olunan iki kəndin əhalisi birlikdə təxminən 10 000 nəfərdir və bu körpü kəndləri Şəki şəhəri ilə birləşdirən yeganə çıxışdır. Körpüdə vəziyyət təhlükəli hal alır və onun əsaslı təmirə və ya yenidən tikilməsinə ciddi ehtiyac var.
Digər məsələ isə qazlaşmayla bağlıdır. Belə ki ümumilikdə Şəki rayonu üzrə 71 yaşayış məntəqəsindən 49 məntəqə qazlaşdırılmışdır (69%), 22 məntəqə də (31%) isə qazlaşdırma işləri aparılmamışdır. Hal-hazırda azsaylı xalqların yaşadığı rayonun ucqar kəndlərindən olan Şin kəndində və şəhərin yeni yaşayış massivi olan 120 və 121-ci kvartallarında qazlaşdırma işləri aparılır. Rayonun qazlaşdırılmayan məntəqələrində qazlaşdırma işlərinin aparılmasını (və ya sürətləndirilməsini) Sizdən xahiş edirik.
Rayon sakinləri kəndlərdə yerləşən tibb məntəqələrində bəzi tibbi xidmətlərin, xüsusilə inyeksiya prosedurlarının həyata keçirilmədiyini bildirərək məsələnin həll olunmasını xahiş edirlər.
Hazırda vətəndaşların müraciətləri ilə bağlı olan tibbi xidmətlər rayonda yalnız “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in poliklinika şöbəsində və acil bölməsində həyata keçirilir, kənd tibb məntəqələrində isə xidmətlər zərfinə müvafiq olaraq ilkin tibbi xidmət göstərilir. Halbuki bir çox kənd tibb məntəqələrində ixtisaslı tibbi personal mövcuddur. Rayonun bir sıra yaşayış məntəqələri şəhərdən 60-70 km məsafədə yerləşir. Nəticədə vətəndaşlar uzaq məsafəni qət edərək şəhərə getməli olurlar ki, bu da sakinlər üçün böyük çətinlik yaradır. İnyeksiya prosedurlarının icra edilməməsi ilə bağlı şikayətlər rayonun digər kəndlərindən də daxil olmaqdadır.
Məsələnin ciddiliyini nəzərə alaraq, vətəndaşların haqlı narazılığını aradan qaldırmaq məqsədilə şəhər mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrində əhalinin tələbatına uyğun tibbi xidmətin təşkilinə köməklik göstərməyinizi Sizdən xahiş edirəm".