İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də risk və təhlükə olaraq qalmaqda davam edir. Belə ki, ötən gün Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan tam təmizlənməmiş sahədə baş verən partlayış nəticəsində bir nəfər mülki şəxs həyatını itirib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tankəleyhinə minaya düşərək həlak olub. Məlumata görə, faktla bağlı araşdırma aparılır.
Hadisə fonunda ölkədə humanitar minatəmizləmə prosesinin hazırkı mərhələsi, həmçinin mina təhlükəsinin daha çox müşahidə olunduğu rayon və istiqamətlər yenidən gündəmə gəlib.
Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfirxanov qeyd edib ki, mina təmizləmə prosesi hazırda tam sürətlə davam edir.
O xatırladıb ki, İkinci Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ANAMA yenidən təşkil olunub, qurumun həm canlı qüvvəsi, həm də maddi-texniki bazası genişləndirilib.
"Həmin fərmana əsasən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri də humanitar minatəmizləmə işlərinə cəlb olunub. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən dörd kommersiya qurumu da mina təmizləmə prosesinə qoşulub".
H.Səfirxanovun sözlərinə görə, hazırda mina təmizləmə işləri beynəlxalq standartlara uyğun şəkildə aparılır və bu proses müəyyən prinsiplərə əsaslanır.
Hava şəraiti, relyef, küləyin sürəti və yağış kimi amillər işlərin sürətinə birbaşa təsir göstərir. Bəzən prosesin tempi azalır, bəzən isə artır. Lakin yaz və yay mövsümündə hava şəraitinin yaxşılaşması ilə mina təmizləmə işlərinin daha da sürətlənəcəyi gözlənilir”.
O əlavə edib ki, Azərbaycanda mina təmizləmə müxtəlif üsullarla həyata keçirilir:
“Əllə aparılan təmizləmə işləri, məsafədən idarə olunan robot texnikası və minaaxtaran itlərin köməyi ilə ərazilər yoxlanılır. Beynəlxalq standartlarda nəzərdə tutulan bütün metod və vasitələrdən ölkəmizdə humanitar minatəmizləmə işlərinin aparılmasında istifadə olunur”.
İctimai Birliyin sədri onu da diqqətə çatdırıb ki, aparılan tədqiqatlara görə, mina və partlamamış hərbi sursatlara ən çox rast gəlinən ərazilərdən biri keçmiş “Ohanyan səddi” kimi tanınan sahədir:
“Bu ərazi Araz çayından başlayaraq Murovdağ istiqamətinə qədər uzanır və bir neçə rayonun ərazisindən keçir. Həmin sahələr daha ciddi şəkildə minalanmış və partlamamış hərbi sursata məruz qalmış ərazilərdir. Bundan əlavə, bu xətti keçdikdən sonra Qarabağın və Şərqi Zəngəzurun daxili ərazilərində də bu və ya digər formada minalanmaya rast gəlinir”.
O həmçinin qeyd edib ki, humanitar minatəmizləmə sahəsində Azərbaycana bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilir:
“Böyük Britaniya, İtaliya, Fransa, Almaniya kimi ölkələr müəyyən həcmdə yardım edib. Avropa İttifaqı isə bu sahədə ən böyük donor hesab olunur. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da yardım göstərən ölkələr sırasındadır. Bununla belə vurğulamaq istərdim ki, mövcud dəstəyin problemin miqyasına tam adekvat olmadığı və yardımların artırılmasına ehtiyac var”.
H.Səfirxanov Xocavənddə baş verən son hadisəyə də toxunaraq bildirib ki, bu cür hadisələr mina təhlükəsi ilə bağlı maarifləndirmənin əhəmiyyətini bir daha göstərir:
“Baş vermiş hadisə bir daha təsdiqləyir ki, mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinə ciddi yanaşmaq, xəbərdarlıq nişanlarına əməl etmək və tanınmayan ərazilərə daxil olmamaq son dərəcə vacibdir. Minalardan təmizlənməmiş ərazilərə daxil olmaq qəti qadağandır. Yol kənarında verilən nişanlara, habelə təlimat və məlumatlara ciddi əməl olunmalıdır”, - deyə H.Səfirxanov fikrini tamamlayıb.