Modern.az

Ağlaya-ağlaya çıxmışdım, gülə-gülə qayıtdım!Prezidentlə görüşən sakin

Ağlaya-ağlaya çıxmışdım, gülə-gülə qayıtdım! - Prezidentlə görüşən sakin

Qarabağ

Bu gün, 16:58

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərlə tanış olublar. Səfər çərçivəsində Prezident və xanımı kənd sakinləri ilə də görüşüblər.

Modern.az saytı bu görüşdən təəssüratları öyrənmək üçün orada iştirak etmiş altı uşaq atası Pərviz Salmanov və onun qızı Hürü Salmanova ilə həmsöhbət olub.

Altı uşaq atası təəssüratlarını bölüşərkən bildirib ki, dövlət başçısı və onun xanımı ilə doğma yurdlarında çox səmimi görüş baş tutub:

“Biz dövlətimizlə də, Prezidentimizlə də fəxr edirik. Açığı, indiyədək Prezidentimizi yaxından görmək imkanım olmamışdı. Görüş zamanı bir daha şahidi oldum ki, cənab Prezident və Mehriban xanım necə sadə insanlardır. Onların yanında elə hiss etdim ki, sanki öz ailəmin içindəyəm. Bu hissləri sözlə ifadə etmək çətindir. Həqiqətən də, Prezidentimiz göründüyündən daha sadə insandır. Allah ona can sağlığı versin, Azərbaycanımızın başı üzərindən əskik etməsin".

Həmsöhbətimizin sözlərinə görə, Prezident və xanımının sadəliyini görəndən sonra kövrəlib:

"Cənab Prezident və Mehriban xanım ailəmizlə yaxından maraqlandılar. Övladlarımız da bu görüşə çox sevindilər. Sevincdən sanki uçmağa qanadları yox idi..."

Pərviz Salmanov söyləyib ki, vaxtilə bu torpaqları çox ağır şəraitdə tərk edib:

"Mən buradan ağlaya-ağlaya, ayaqyalın, kolların arasından keçərək çıxmışam. Amma bu gün Allaha şükür ki, altı övladımla birlikdə doğma yurdumuza gülə-gülə, sevinə-sevinə qayıtmışıq. O zaman buradan tək çıxmışdım, indi isə altı övladımla birgə qaytdım. Bura bizim dədə-baba yurdumuzdur və əlbəttə, mütləq qayıtmalı idik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu və Prezidentimizi qorusun. Çox şükür bugünümüzə!

İnanırıq ki, burada yaşamağımız üçün bütün şərait yaradılacaq. Prezidentimiz təhsil də daxil olmaqla bütün məsələlərin həlli üçün əlindən gələni edir. Uşaqlarım yaxşı oxuyur, ali təhsil almağa hazırlaşırlar. İstərdim ki, onların hər biri elə doğma Qarabağda - Qarabağ Universitetində təhsil alsınlar".

Pərviz Salmanovun qızı Hürü Salmanova da ata-baba torpağına dönüşün sevincinin hüdudsüz olduğunu qeyd edib:

"Elə hiss edirəm ki, sanki vaxtilə buradan mən də ayaqyalın çıxmışam. Baxmayaraq ki, burada doğulmamışam, amma özümü elə bu torpağın övladı kimi hiss edirəm".

Müsahibimizin sözlərinə görə, o, hazırda ali məktəbə qəbul imtahanlarına hazırlaşır və gələcəkdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq istəyir.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı