Modern.az

Paşinyanın Azərbaycanla hesablaşmaqdan başqa yolu yoxdur! - Əziz Ələkbərli

Paşinyanın Azərbaycanla hesablaşmaqdan başqa yolu yoxdur! - Əziz Ələkbərli

Qərbi Azərbaycan

27 Oktyabr 2025, 10:50

Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən forumda bildirib ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə ilə əlaqələri birləşdirən xətlər inşa olunacaq. Paşinyanın sözlərinə görə, Ermənistan ərazisindən Azərbaycanın əsas hissəsindən Naxçıvana, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə marşrutu üzrə boru kəmərləri və elektrik xətləri çəkiləcək.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Millli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, o, çoxlarından fərqli olaraq, son zamanlar bəzi konstruktiv addımlar atıb və ya atmağa təşəbbüs edir deyə, Ermənistanın Baş naziri Nikol Paşinyanı alqışlamaq fikrində deyil:

“Paşinyan həmin Paşinyandır ki, hakimiyyətinin ilk illərində Azərbaycan ərazisi Ermənistan tərəfdən dəfələrlə atəşə məruz qalıb. Şuşada yallı gedərək Azərbaycana göz dağı verirdi və nəhayət, onun əmri ilə 2020-ci ilin 12 iyul tarixində Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədini pozdu, bu da qanlı döyüşlərə səbəb oldu. Sadəcə, gücləri çatmadı və geri oturduldular. 2020-ci ilin 27 sentyabrında yenidən Azərbaycana hücuma keçdilər və 44 günlük Vətən müharibəsi başladı. İşğal altındakı ərazilərimizi düşməndən azad eləmək üçün nə çox-nə az, düz 3 min nəfər şəhid verdik. İndi nə oldu, Paşinyan dəyişib mələk oldu?! Xeyr, Paşinyan elə həmin Paşinyandır. Fərq ondadır ki, artıq Paşinyan və tərəfdarları dərk edir ki, Azərbaycan güclü dövlətdir, onun güclü Prezidenti var. Ermənistanın Azərbaycanla və onun Prezidenti ilə hesablaşmaqdan başqa yolu yoxdur. Düşmənçilik yolu Ermənistan dövlətinin varlığını sual altında qoya bilər. Ona görə də 29,8 min kvadrat kilometrlik ərazisi olan Ermənistan xəritəsinin maketini başı üstünə qaldıraraq xalqını əllərində olan torpaqları xilas etməyə çağırır, indi də bu istiqamətdə real addımlar atmağa çalışır. Təbii ki, tezliklə Azərbaycan və Türkiyə ilə əlaqələri birləşdirən xətlər inşa olunacaq. Bu, Ermənistanın da xeyrinədir”.


Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan İcması olaraq, Azərbaycan və Ermənistan liderlərinin münaqişənin nizamlanması istiqamətindəki təşəbbüs və addımlarını alqışlayırlar:

“Ölkələr arasındakı barışığın erməni və Azərbaycan xalqları arasındakı münasibətlərin normallaşmasına kömək edəcəyinə də ümidliyik. Sözsüz ki, bu, ağrılı prosesdir, ortada doğma ocağından didərgin düşmüş, onillər boyu saysız-hesabsız məşəqqətlər yaşamış yüz minlərlə qaçqın-köçkün var, 20 min nəfərdən çox şəhidimiz, on minlərlə əlilimiz var, bunlar üç günə, beş günə unudulası şeylər deyil. Üstəlik, sonuncu deportasiya zamanı öz ata-baba ocağından vəhşicəsinə qovulmuş 500 min nəfərə yaxın Qərbi Azərbaycan qaçqını və onların övladları var. Hələ mən 1918-1920-ci illər soyqırımını, 1948-1953-cü illər deportasiyası qurbanlarını, onların varislərini demirəm. Heç Ermənistanda onların sayı qədər erməni yoxdur. Üstəlik, ermənilər o coğrafiyadan təkcə insanları qovmayıblar, onların mədəni irsinə, o cümlədən qəbiristanlıqlarına, məscidlərinə, bütün izlərinə qarşı faşistcəsinə davranıblar, yer üzündən siliblər. Maraqlıdır, bütün bunlara nə cavab verəcəklər?

Sual doğur: bəs Ermənistan və ermənilər nə etməlidir? Cavab konkretdir: Azərbaycanın bütün şərtlərini qeyd-şərtsiz qəbul etməli, Azərbaycan dövlətindən və Azərbaycan xalqından üzr istəməli, insanlara, onların əmlaklarına vurduqları zərərə görə təzminat ödəməli, qaçqınların Qərbi Azərbaycandakı doğma kəndlərinə, evlərinə dinc yolla qayıdışını yüksək səviyyədə təmin etməlidirlər. Dövlətlərimiz və xalqlarımız arasındakı sülhün dayanıqlığı insanlarımızın birgəyaşayışından, birgəyaşayışımız isə qaçqınlarımızın doğma yurdlarına qayıdışından keçir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı