"İranın 88 ruhanidən ibarət Ekspertlər Şurasında əksəriyyətin səsi ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneiyə verilib".
Modern.az xəbər verir ki, bu barədə Ekspertlər Şurasının adı açıqlanmayan bir üzvü “Pars Today" qəzetinə bildirib.
Daha əvvəl Ekspertlər Şurası yeni Ali Liderin seçilməsi ilə bağlı ortaq məxrəcə gəldiklərinə işarə etmiş, lakin seçilən şəxsin adı açıqlanmamışdı.
Qeyd edək ki, Espertlər Şurasının üzvü Alam əl-Huda da bu gün “Mehr” agentliyinə bildirib: “Liderlik vəzifəsi üçün seçim keçirilib və yeni Ali Rəhbər müəyyən edilib”.
Onun sözlərinə görə, “liderin şəhid olmasından sonrakı ilk saatlarda Ekspertlər Şurası toplaşıb və üzvlərin əksəriyyəti tək bir namizəd üzərində razılığa gəlib. Bu namizəd şuranın rəyasət heyətinə təqdim edilib”.
Onun sözlərinə görə, Ekspertlər Şurasının hələ qərar vermədiyini iddia edən bütün xəbərlər yalandır. İndi isə varisin rəsmi şəkildə nə vaxt elan olunacağına şuranın katibliyinin rəhbəri qərar verəcək.
Xatırladaq ki, dünən İranının iki nüfuzlu Ayətullahı İslam Respublikasının yeni Ali Liderinin seçkilərinin sürətləndirilməsini tələb edib. Belə ki, Ayətullahlar Məkarim Şirazi və Nuri Həmədani İranın yeni Ali Liderinin andiçmə mərasiminin sürətləndirilməsini gözlədiyini vurğulayıblar. Onlar bildiriblər ki, bu vacib məsələnin vaxtında həlli milli hakimiyyəti gücləndirəcək və işlərin ümumi təşkilini yaxşılaşdıracaq.
Ayətullahlar Ekspertlər Şurasının üzvlərinə ünvanladıqları mesajda yeni Ali Rəhbərin adını elan etməyə çağırıblar.
Siyasi analitiklər deyirlər ki, İranın üst rəhbərliyində Müctəba Xameninin Ali Lider elan olunmasına qarşı şıxan nüfuzlu şıxslər var. Onların başında isə Ali Liderin siyasi məsələlər üzrə müşaviri və İranın “dərin dövləti” sayılan strukturlara yaxın şəxs Əli Əsgər Hecazi gəlir. Məhz Hecazinin açıq etirazı səbəbindən bu məsələ uzanır və yeni Ali Liderin adının açıqlanması təxirə salınıb. Hecazi keçmiş kəşfiyyat nazirinin müavinidir.
Məlumatlara görə, Müctəba Xameneilə bağlı səsvermə fiziki toplantı halında deyil, “uzaqdan seçki” şəklində keçirilib. Yəni Ekspertlər Şurasının üzvlərinə ayrı-ayrılıqda zəng olunaraq onların rəyi alınıb.
Müctəba Xamenei tərəfdarları müharibə davam edərkən yeni Ali Liderin tez seçilməsi üçün təzyiq edir. İslam İnqilabı Keşikçiləri Korpusunun da (SEPAH) Müctəba Xameneini dəstəklədiyi bildirilir.
Lakin Əli Əsgər Hecazi və onun ətrafı Müctəba Xameneinin seçilməsinin qarşısını almağa çalışırlar.
Xarici təhlilçilərin bildirdiyinə görə, hazırkı müharibə şəraitində Ekspertlər Şurasının fiziki şəkildə bir araya gəlib səsvermə keçirməsi demək olar ki, mümkün deyil. Üstəlik Əli Əsgər Hecazinin etirazı da sistemi faktiki olaraq bloklayıb. SEPAH da bu şəraitdə siyasi qərar almağa meyilli deyil və seçkinin tez başa çatmasını istəyir.
Ali Lider seçilmədiyi üçün hücumlara qarşı effektiv hərbi cavab vermək də çətinləşib. Mövcud vəziyyət xaotikdir və faktiki olaraq hərbi çevriliş üçün uyğun atmosfer yaradır.
İddialara görə, əgər seçki uzansa və atəşkəs baş versə, Müctəba Xameneinin şansı azala bilər. Bu halda İranın ilk Ali Lideri olmuş Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni kimi fiqurlar kompromis namizəd kimi ortaya çıxa bilər. Lakin keçmişdə islahatçılara yaxın mövqedə dayanması səbəbindən SEPAH onun namizədliyinə qarşıdır.
Analitiklər deyirlər ki, "uzaqdan səsvermə"də ən çox səs toplayan Müctəba Xamenenin tezliklə təzyiq yolu ilə Ali Lider kimi qəbul etdiriləcəyi gözlənilir. Bu halda hazırda Müctəba Xameneiyə qarşı dirənən bir çox siyasi və dini fiqurların İran rəhbərliyindəki mövqelərini itirəcəyləri istisna olunmur.
İran Konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Şurası ölkənin Ali Liderini seçmək səlahiyyətinə malikdir. İranı 37 il idarə edən Xamenei 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumu zamanı öldürülüb.
İsrail Müdafiə Qüvvələri də bu prosesə münasibət bildirərək, yeni Ali Lideri axtaracağını bildirib.
***
Bu arada İranın Ekspertlər Şurasının Gilan vilayətindən olan üzvü Ayətullah Aşkuri "Pars Today"a bildirib ki, yeni Ali Liderin soyadı Xamenei olaraq qalacaq.
O əlavə edib ki, mərhum Ali Liderin oğlu Müctəba Xamenei böyük səs çoxluğu ilə yeni lider seçilib.
A.Qorxmaz