Ayətullah Seyid Müctəba Xamenei İranın yeni Ali Lideri olub.
O, İranın Ekspertlər Şurasında səslərin böyük əksəriyyəti ilə İran İslam Respublikasının üçüncü Ali Lideri seçilib.
Bu barədə Ekspertlər Şurası bəyanat yayıb.
İranın yeni Ali Lideri vəzifəsi uğrunda bir neçə namizəd mübarizə aparırdı. Onların arasında Ekspertlər Məclisinin sədr müavini vəzifəsini icra edən Əlirza Ərafi də var idi. O, həmçinin İranın dini təhsil müəssisələri sisteminə rəhbərlik edir və seçki namizədlərini və parlament tərəfindən qəbul edilən qanunları yoxlayan Konstitusiya Keşikçiləri Şurasının üzvüdür.
Ali Lider vəzifəsi uğrunda mübarizə aparanlardan biri də ruhanilərin ən mühafizəkar qanadını təmsil edən Ekspertlər Şurasının üzvü Məhəmməd Mehdi Mirbağeri idi.
Digər bir iddiaçı isə İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni idi.
Bundan əlavə, yüksək vəzifəli ruhani Haşim Buşehri, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qardaşı Sadeq Laricani də namizədlər sırasında idilər.
Müctəba Xamenei İranın fevralın 28-də öldürülən mərhum rəhbəri Ayətullah Əli Xameneinin oğludur.
Modern.az xəbər verir ki, Müctəba Xameneinin tərcümeyi-halının bəzi hissələri İran mediasında dərc olunub.
Ayətullah Hacı Seyid Müctəba Xamenei 1969-cu ildə Məşhəddə anadan olub.
O, İranın ikinci Ali Rəhbəri olmuş (1989–2026-cı illərdə) mərhum Ayətullah Seyid Əli Xameneinin ikinci oğludur.
Müctəba Xamenei ilahiyyat təhsili alıb.
Belə ki, o, hazırlıq seminariyasını Ayətullah Müctəhid Tehraninin məktəbində bitirib. Daha sonra seminariya kurslarını tamamlamaq üçün Qum şəhərinə gedib və bir neçə il orada qalıb. Ardınca seminariya təhsilini Tehranda davam etdirib.
O, Əhmədi Miyanəci, Rza Ostadi və Qumun digər görkəmli professorlarının yanında yüksək səviyyəli dərslər alıb.
Daha sonra atası Ayətullah Əli Xameneinin və əlavə olaraq, Ayətullah Şeyx Cavad Təbrizi, Şeyx Hüseyn Vəhid Xorasani, Seyid Musa Şəbbiri Zəncani, Ağa Müctəba Tehrani, Şeyx Məhəmməd Mömin Quminin yanında fiqh və prinsiplər üzrə dərslər alıb.
1987-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub və İran-İraq müharibəsinin (1980-1988) son mərhələlərində vuruşub.
M.Xameneinin İslam kodlaşdırılmış elmləri dəstində sistemli və ardıcıl intellektual təməllərə sahib olduğu bildirilir.
Təhsil alması ilə yanaşı, o, davamlı olaraq tədrislə də məşğul olub: Tehranda Ayətullah Müctəhid məktəbində seminariya üçün bəzi dərslər keçib.
2004-206-cı illərdə Qumdakı məktəblərdə dərslər verib.
Qeyd olunur ki, hərbi komandirlər, xüsusən də “Hizbullah” lideri Seyid Həsən Nəsrullah və general Qasım Süleymani ilə davamlı əlaqə Müctəba Xameneinin şəxsiyyətinin digər vacib aspektidir.
Müctəba Xamenei 2004-cü ildə parlamentin o vaxtkı sədri Qulaməli Adelin qızı Zəhra Həddad Adel ilə evlənib.
2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçkilərində qələbəsindən sonra islahatçılar Müctəbanı ruhanilərin və SEPAH-ın dəstəyi ilə onun seçilməsinə kömək etməkdə günahlandırıblar. Əhmədinejadın əleyhdarlarından biri olan Mehdi Kərrubi açıq şəkildə Müctəbanı seçkilərə müdaxilədə suçlayıb.
O, həmçinin 2009-cu il seçkilərində də Mahmud Əhmədinejadı dəstəkləyib. Müctəba xamenei 2009-cu il seçkilərindən sonra etirazların yatırılmasını təşkil etməklə suçlanıb.
Müctəba Xamenei İranın ən böyük banklarından biri olan "Ayandah Bank" vasitəsilə böyük aktivlərə nəzarət edir. O, həmçinin Avropada otel biznesinə və Böyük Britaniya, Almaniya və BƏƏ-də lüks daşınmaz əmlaka sahibdir.
2019-cu ilin noyabr ayında ABŞ Müctəbanı sanksiya tətbiq edtiyi şəxslər siyahısına salıb.
Onun həyat yoldaşı Zəhra Həddad Adel, oğlu və anası Mənsurə Xocast Bağırzadə bu il fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində Tehranda həlak olub.
57 yaşlı Müctəba Xamenei hələ atasının sağlığında əhəmiyyətli təsir rıçaqlarına sahiblənib. Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı “Bəsic” yarımhərbi dəstəsilə güclü əlaqələri olduğu bildirilir.
İranın siyasi və dini dairələrində böyük nüfuza malik olan Müctəba Xamenei uzun müddət Ali Liderin administrasiyasında müxtəlif vəzifələr tutub və SEPAH-lasıx əməkdaşlıq edib.
A.Qorxmaz