Modern.az

Novruz və Astronomiya 

Reportaj

Bu gün, 21:43

Bəzən o qədər təhsillii insan görürəm ki, 
"Bu cür cəhalət ancaq təhsillə mümkündür" 
demək istəyirəm. 
–Vedat Türkali

Bir tanışım var, hər il Ramazanda bu ayın elmi tərəfindən, astronomiya ilə vəhdətindən, hesaplamalardan danışır bol-bol. Namazında-niyazında bir adamdır. Amma Novruz Bayramını qeyd etmir, onu bayramdan saymır, deyir ki, Novruzda elmilik yoxdur…
Demək ki, Ramazan elmidir, astronomikdir, amma Novruz deyil, eləmi?..

Səmadakı Saat və Bədənimizdəki Reaksiya

Bəşər övladı var olduğu gündən bəri gözünü səmaya dikmiş, həyatını ulduzların rəqsi və fəsillərin dəyişməsi ilə nizamlamışdır. Azərbaycanda baharın gəlişi sadəcə bir təqvim hadisəsi deyil, Yer kürəsinin Günəş ətrafındakı 365 günlük səyahətinin ən kritik dönüm nöqtəsidir. Bu, astronomik bir səssizliyin bitməsi, təbiətin riyazi dəqiqliklə yuxudan oyanmasıdır.

Müasir elm artıq təsdiq edir ki, ulu babalarımızın qışın kəsik şaxtasında (Çillələrdə) qurduğu "təbiət saatı" ilə orucun hüceyrələrimizdə başlatdığı "təmizlik düyməsi" (autofaqiya) əslində eyni məqsədə xidmət edir: Yenilənmə. Bu yazımda bizim makrokosmosun (Kainatın) hərəkəti ilə mikrokosmosun (İnsan hüceyrəsinin) bu yenilənmə prosesində necə harmonik bir şəkildə birləşdiyini elmi sübutlarla ifadə etməyə cəhd edəcəm…

Bayramlarımızın ən gözəli olan Novruz bayramı qəlbimizdə çox dərin köklərə sahib olsa da, müəyyən dindar təbəqələr tərəfindən ona qarşı olan soyuq münasibət teoloji (dini) yanaşmalarla xalq adətləri arasındakı fərqliliklərdən qaynaqlanır. Bu müqavimətin əsas səbəblərini mən belə görürəm:

1. "İslami deyil" yanaşması

Ən böyük arqumentləri odur ki, İslam dinində cəmi iki əsas bayram var: Qurban və Ramazan bayramları. Onların fikrincə, bu iki bayramdan kənar hər hansı bir günü "bayram" kimi qeyd etmək "bidət" (dinə sonradan gətirilən yenilik) hesab olunur. Onlar hesab edirlər ki, müsəlman yalnız İslam mənşəli günləri qeyd etməlidir. 

2. Zərdüştlük və "Atəşpərəstlik" qorxusu

Novruzun kökləri İslamdan çox-çox əvvələ – qədim Mesopotamiya və Zərdüştlük dövrünə gedib çıxır. Radikal yanaşan dindarlar Novruzu "məcusilik" (atəşpərəstlik) qalığı hesab edirlər. Onlar tonqalın üzərindən tullanmağı oda sitayiş kimi qələmə verir və İslamın tövhid (təkallahlıq) inancına zidd olduğunu müdafiə edirlər.

3. "Məcusilərə bənzəməmək" prinsipi

İslam fiqhində (hüququnda) "başqa dinlərin mənsublarına bənzəməmək" (təşəbbüh) haqqında müəyyən hədislər və qaydalar mövcuddur. Mühafizəkar dindarlar Novruzu qeyd etməyi qeyri-müsəlman ənənəsini davam etdirmək kimi görür və bunun müsəlman kimliyinə zərər verdiyini düşünürlər.

Lakin bizdəki dindarların hamısı belə deyil. Böyük əksəriyyət, xüsusilə milli-dini kimliyi birləşdirənlər üçün Novruz   minilliklərin süzgəcindən keçib gələn kollektiv yaddaşdır…

***
Bütün bu məsələləri emosional yox, prinsipial və elmi əsasla cavablandırmaq laızmdır. Bu mövzu dini və ya ideoloji deyil, mövzu astronomiyadır, təqvim sistemidir, elm və mədəniyyətidir. Düşündüm ki, “Ramazan və Astronomiya” məqaləmdən sonra “Novruz və Astronomiya” adlı yazı hazırlamaq lazımdır…

Novruz astronomik həqiqətdir

Novruz əslində təkcə ənənəvi bayram deyil, astronomik hadisənin mədəni ifadəsidir. Bu gün Günəşin görünən illik hərəkətində elə bir məqamdır ki, o, göy ekvatorunu keçərək şimal yarımkürəyə daxil olur. Astronomiyada bu hadisə March Equinox, Yaz Bərabərliyi adlanır. Həmin anda gecə ilə gündüz demək olar ki, bərabərləşir və təbiətdə yeni vegetasiya dövrü başlayır. İnsanların minillər boyu Novruzu baharın başlanğıcı kimi qeyd etməsi məhz bu kosmik ritmlə bağlıdır.

Bu hadisə müasir astronomiyada da hesablanır və dəqiqliklə, saniyəsinə qədər müəyyən edilir. Bu, mifoloji yox, astrofizik reallıqdır.

Ramazan ayı da astronomik mexanizmə bağlıdır. Bu, İslam təqviminin doqquzuncu ayıdır və başlanğıcı Ayın yeni fazasının (hilalın) müşahidəsi ilə müəyyən edilir. Bu isə Ayın Yer ətrafında orbital hərəkəti ilə bağlıdır. Bu gün artıq astronomik hesablamalarla yeni Ayın doğuş vaxtı əvvəlcədən dəqiq bilinir.

Yəni hər iki halda:

– Novruz Günəşin illik hərəkəti ilə,
– Ramazan isə Ayın aylıq hərəkəti ilə bağlıdır.

Astronomiya baxımından fərq yoxdur, mexanizm fərqli olsa da prinsip eynidir.

Qədim Mesopotamiyada ilin başlanğıcı çox vaxt yaz bərabərliyi ilə əlaqələndirilirdi. Babil astronomlarının hazırladığı Mul.Apin kimi astronomik lövhələrdə səmanın 12-yə bölünməsi, Günəşin illik hərəkəti və təqvim sistemləri qeyd olunmuşdu. Bu astronomik ənənə sonralar İran coğrafiyasında və daha geniş Şərq dünyasında davam etdirildi.

İslam sivilizasiyasında da astronomiya yüksək səviyyədə inkişaf etmişdi. Məsələn, Əl-Biruni və Nəsirəddin Tusi həm dini təqvimlərin hesablanması, həm də Günəş ilinin dəqiqləşdirilməsi ilə məşğul olmuşdular. Maraqlıdır ki, Səlcuqlu dövründə tərtib edilmiş Cəlali təqvimi yaz bərabərliyinə əsaslanırdı və dəqiqlik baxımından Qriqorian təqvimindən geri qalmırdı.

Burada əsas prinsip belədir:

Astronomiya dini və ya milli kimliyə görə dəyişmir;
Günəş hərəkətini davam etdirir;
Ay orbitini davam etdirir.

Birinə “elmidir”, digərinə “elmi deyil” demək selektiv yanaşmadır.

Novruzun mifoloji qatları – od, su, torpaq, yel simvolikası olduğu kimi Ramazanın da mənəvi-etik qatları var. Amma hər ikisinin başlanğıcı səmadakı real fiziki proseslərlə bağlıdır.

Əgər Ramazanın başlanğıcını Ayın fazaları ilə əsaslandırmaq elmidirsə, yaz bərabərliyini əsas götürmək daha fundamental astronomiyadır. Çünki Günəş təqvimi Yer orbitinin sabitliyinə əsaslanır və kənd təsərrüfatı, iqlim və mövsüm dövrləri ilə birbaşa bağlıdır.

Əslində problem elmdə deyil, problem münasibətdədir.
Elm parçalanmır.
Təqvimlər mədəniyyətlərə aiddir, amma səma hamımızındır.
Ona görə emosiyadan, hissi davranışdan qaçaraq belə söyləyim:

Novruz da astronomiyadır, Ramazan da.
Fərq ondadır ki, biri Günəşin, digəri Ayın hərəkətinə əsaslanır.

Qalanı ideoloji mübahisədir…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı