
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsində kompromisə hazır olduqlarını bildirib.
Amma şərt ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağdakı separatçı rejimi ilə birbaşa danışıqlar aparmalıdır.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Modern.az saytına açıqlamasında Azərbaycan-Ermənistan təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü şəraitdə Serj Sarkisyanın bu bəyanatının hiylə olduğunu bildirib.
“Bu, Sarkisyanın növbəti hiyləsidir. Çünki, o bunun üçün bütün hərbi birləşmələrə 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmasını şərtini qoyub. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə, o, Azərbaycan əsgərinin tökdüyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir. Sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir, daha Azərbaycan ordusunun geri çəkilməsini tələb etməməlidir”.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Sarkisyan bu bəyanatı sadəcə olaraq onun etmək istədiyi bir manevrdir:
“Serj Sarkisyan bu bəyanatı ilə demək istəyir ki, siz Dağlıq Qarabağı əməliyyatların bu mərhələsində səthi tanıyın. Bu sadəcə olaraq Sarkisyan tərəfindən edilmiş siyasi manevrdir.
Biz isə Ermənistan tərəfi Madrid prinsipləri əsasında Dağlıq Qarabağa muxtariyyət hüququ verəcəyi təqdirdə, azərbaycanlı qaçqınların oraya qaytarılması şərtlərini irəli sürmüşük. Sarkisyan hakimiyyəti artıq qorxu içindədir və hiss edirlər ki, belə getsə hərbi əməliyyatların miqyası genişlənə və itkilərin sayı çoxala bilər.
Ermənistanın hərbi qüvvəsi Azərbaycanınkı qədər deyil. Onlar anlayırlar ki, hansısa mövqe ortaya qoymaq lazımdır. Sarkisyanın bu bəyanatları artıq gerçəkliyə yaxın deyil. Çünki vaxt var idi ki, onlar elə düşünürdülər ki, bölgədə heç vaxt heç bir hərbi əməliyyatlar ola bilməz. Onlar da vaxtı uzadaraq münaqişəni öz xeyirlərinə həll etmək istəyirdilər.
Ancaq indi Sarkisyan görür ki, vəziyyət heç də o düşündüyü kimi deyil. Ermənistan və Rusiya çalışır ki, Dağlıq Qarabağı yalnız beynəlxalq hüququn subyekti və danışıqlar masasının məsələsi eləsin. Amma Azərbaycan bununla heç vaxt barışmayacaq”.
Ağa AKİFOĞLU