filologiya üzrə elmlər doktoru, professor
Birinci Türkoloji Qurultaydan dörd-beş ay keçmiş ayrı-ayrı cümhuriyyətlərdən Azərbaycandakı “Yeni Əlifba Komitəsi”nə yeni əlifba layihələri göndərilmişdir. Ancaq bu göndərilən layihələr Azərbaycanın qəbul etdiyi yeni əlifba ilə müqayisədə xeyli fərqlərlə diqqəti cəlb edirdi. Ona görə də yeni əlifba ilə bağlı layihələrin unifikasiyasına, daha doğrusu, yeni əlifbanın unifikasiyasına həsr olunmuş konfranslara ehtiyac vardı. Bu baxımdan yeni əlifba ilə bağlı çağırılacaq konfranslara qədər yeni əlifbanın unifikasiyası üçün ciddi işlər görmək lazımdı. Məhz bu ciddi işləri görmək üçün “Yeni Əlifba Komitəsi”nin üzvləri ayrı-ayrı cümhuriyyətlərdəki yeni əlifba layihəsini müzakirə edərək ortaq qaydaları yaratmağa nail olmalıydılar. Onu da qeyd edək ki, Azərbaycanın qəbul etdiyi yeni əlifba layihəsi əsasında minlərlə kitab çap olunmuşdu. Əgər Azərbaycanın qəbul etdiyi yeni əlifba layihəsini digər türk xalqları qəbul etməsəydi, onda bu kitabların taleyi necə ola bilərdi? Bundan başqa, yeni əlifbada fərqli hərflər böyük çətinliklər yarada bilərdi ki, məhz onun qarşısını almaq işin xeyrinə ola bilərdi. Bəzi türk cümhuriyyətləri isə hələ də “Yeni Əlifba Komitəsi”nə yeni əlifba ilə bağlı layihələrini göndərməmişdilər. Məsələn, özbəklərin layihəsi hələ də “Yeni Əlifba Komitəsi”nə təqdim edilməmişdi. Onlar Birinci Türkoloji Qurultaydan dörd-beş ay keçməsinə baxmayaraq, ciddi bir iş görməmiş və öz layihələrini Azərbaycandakı “Yeni Əlifba Komitəsi”nə təqdim etməmişdilər. Ona görə də özbəklərlə yeni əlifba ilə bağlı görüşməyə ehtiyac vardı. “Yeni Əlifba Komitəsi”nin qarşıdan gələn plenumlarına qədər Özbəkistanda və Türkmənistanda müzakirələr, söhbətlər aparmaq bir tələbata çevrilmişdi. Buradakı söhbətləri və müzakirələri Xalid Səid Xocayev aparmalıydı.
1926-cı ilin may ayının axırlarında Xalid Səid Gürcüstan “Yeni Əlifba Komitəsi”nin sədri Rzaqulu Nəcəfovdan bir məktub alır. Məktubda yazılırdı ki, təcili olaraq Xalid Səid Tiflisə gəlsin. Həmin vaxt Səməd Ağamalıoğlu Tiflisdəydi. O, Tiflisdə dörd ay qalmaqla yeni əlifba ilə bağlı müəyyən işlər görməliydi. Odur ki, Xalid Səid Tiflisə, yəni Zaqafqaziya Şuralar İttifaqının sədri Səməd Ağamalıoğlunun yanına gəlir. Səməd Ağamalıoğlu Tiflisdə Noy otelində olurdu. Xalid Səid burada Səməd Ağamalıoğlu ilə görüşür. Onların arasında söhbət başlayır. Səməd Ağamalıoğlu Xalid Səidi yanına çağırmasının səbəbini açıqlayır. Xalid Səid yazırdı: “Səməd ağa ağır-ağır anlatmağa başladı. Bizim Şərq xalqlarında bir adət var: hər işə qızğın surətdə başlarlar, sonra da gülərək Allahın ixtiyarına buraxarlar”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.97) Səməd Ağamalıoğlu Xalid Səidə onu da demişdir ki, Türkmənistanda və Özbəkistanda yeni əlifbanı hazırlamağı Allahın ixtiyarına buraxıblar. Onlar Birinci Türkoloji Qurultaydan sonra yeni əlifba ilə bağlı bir iş görməyiblər. Ona görə də Səməd Ağamalıoğlu Xalid Səidə deyir: “Hər nə isə indi Türküstana get, türkmənlər, özbəklər ilə görüş, təzədən işə girişmələri üçün hər nə lazımsa, mənə teleqraf ilə bildir; ədəbiyyat lazımsa göndərərəm; pulları yoxsa komitənin kassasından pul da verərəm; onlar təkcə işə başlasınlar; bir də mənim namımdan rica et, proje məsələsində də bizi çətinlikdə buraxmasınlar”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.97)
Səməd Ağamalıoğlunun tapşırığından sonra Xalid Səid Türküstana doğru yola düşür. 1926-cı il iyun ayının 5-də o, Bakıdan Türküstan ellərinə ikinci dəfə yollanır.
Xalid Səid yeni əlifba yolunda Türküstan ellərində ikinci dəfə cəfakeşliyə başlayır. Yolda baş verənlərin hamısı onun qisməti, alın taleyi olur. Yol əhvalatları, qarşılaşdıqları insanların həyatı, kəndlərin, qəsəbələrin, şəhərlərin tarixi Xalid Səidin maraq dairəsinə çevrilir. O, bir az dincini almaq üçün Krasnovodsk şəhərinin bulvarına gəlir. Bulvarda qoca bir rusla qarşılaşır və ondan bu şəhərin nə vaxt salındığını öyrənir. Məlum olur ki, bu şəhərin binası 1869-cu ildə qoyulmuşdur. Xalid Səid qoca rusdan nə üçün şəhərin adının Krasnovodsk olduğunu da soruşur. Qoca rus ona Krosnovodsk sözünü izah edir. “Krasnı”, yəni “qırmızı”, “voda”, yəni “su” deməkdir. Krasnovodsk “qırmızı su” mənasını anladır. Qoca rus Xalid Səidə izah edir ki, bu ad şəhərə ona görə verilmişdir ki, şəhərin yaxınlığında bir çay varmış, həmin çaya qızıl (qırmızı) su deyirlərmiş. Bununla bağlı olaraq şəhərin adı da buradan götürülmüşdür.
Xalid Səid Krasnovodskdan Aşğabada yola düşərkən yolda təqribən əlli beş-altmış yaşında olan bir türkmənlə tanış olur. Annagəldi adlı türkmən Xalid Səidə adının mənasını izah edir. Dünyaya adına günü gəldiyi üçün ona Annagəldi adını verdiklərini deyir. Annagəldi təkcə türkməni olduğunu və türkmənlərdə təkə, sarıq, salar, yumud, köklan, ıqədir, abdal, uqurcal, ata, arbaçı, əlili, nuhuzlu, morcalı, anavlı, mıxınlı, şeyx, seyid, məxtum, xacələr tayfalarının olduğunu Xalid Səidə bir-bir sadalayır. Bu tayfaların sayı barədə də məlumat verir. Təkələrin qırx min, sarıqların yeddi min üç yüz, yeddi min dörd yüz, salarların üç min, köklanların min, iqdirlərin dörd yüzə yaxın, ataların min beş yüz, arabaçıların iki yüz əlli yurt olduqlarını da deyir. Şeyxlərin, seyidlərin, xacələrin Ərəbistandan gələn peyğəmbər nəslindən olduqlarını, əsilzadələr olduqlarını, hətta türkmənlərə qız vermədiklərini Xalid Səidə danışır. Şeyxlərin, seyidlərin ümumi sayının min iki yüz, min üç yüz yurta olduğunu da Annagəldi Xalid Səidə deyir.
Xalid Səid Aşğabadda Maarif Komissarlığında yeni əlifbanın unifikasiyası ilə bağlı söhbətlərini apardı. Məlum oldu ki, Türkmənistan Cümhuriyyətində yeni əlifba ilə bağlı kiçik dəyişikliklər aparmaqla unifikasiyanı həyata keçirmək mümkün olacaqdır. Bu aydınlıqdan sonra Xalid Səid Özbəkistana doğru hərəkət etməli olur. Və yeni əlifba ilə bağlı məsələni müzakirə etmək üçün Özbəkistan Mərkəzi İcraiyyə Komitəsi sədrinin evində olur. Azərbaycanda yeni əlifbanın böyük nəticələr verdiyini deyir. Yeni əlifbanın faydalı olduğunu anlatmağa çalışır. Yeni əlifbanı həyata keçirmək üçün lazım olan idarələrə əmr verilməsini xahiş edir. Xalid Səidə deyilir ki, Özbəkistanda yeni əlifba qəbul edilib, Özbəkistan Mərkəzi İcraiyyə Komitəsi yanında yeni əlifba komitəsi də yaradılıb. Həm də Komitə yeni əlifba ilə işləri idarələrdə həyata keçirməyə çalışacağını da vəd edir. Ancaq məktəblərdə yeni əlifbanı həyata keçirmək üçün maarif komissarlığına müarciət etməyin vacibliyi də Xalid Səidin nəzərinə çatdırılır. Xalid Səid maarif komissarlığına gedir. O, maarif komissarını yerində tapmır. Ona görə də məyus olur. Çıxış yolunu komissarlar şurasının sədri ilə görüşməkdə görür.
Xalid Səid komissarlar şurası sədrinin yanına gəlir. Ancaq komissarlar şurasının sədri Feyzulla Xocayev öz katibi vasitəsilə çox məşğul olduğunu bildirir, günortadan sonra Xalid Səidi öz evində qəbul edəcəyini deyir. Xalid Səid onun evinə gedir, görüşməyinin məqsədini ona izah edir. Komissarlar şurasının sədri Feyzulla Xocayev Xalid Səidə deyir ki, o, maarif komissarına tapşıracaq, sabah onun yanına getsin. Səhərisi gün Xalid Səid firqə məsul katibin yanına gedir. Və ona deyir ki, maarif komissarlığına, komissarlar şurasına gedibdir. Məsələ ilə bağlı heç bir dəstək almayıbdır. Firqə məsul katibi Xalid Səidə deyir ki, o da tapşıracaq, sabah maarif komissarlığına getsin. Bununla da Xalid Səidi görüşdüyü hər kəs başından edirdi. Bütün bu çətinliklərə baxmayaraq, Xalid Səid elmi şurada qərarın çıxarılmasına nail olur. Ən başlıcası 1926-cı il avqust ayının on beşinə qədər bütün Özbəkistanda iki min ibtidai məktəb müəllimi yeni əlifba ilə savadlanacaq, bu əlifbanı öyrənəcəkdi. Xalid Səidə görə, bu, ilk addım, həm də böyük addım idi.
Xalid Səid Xocayev bütün bu çətinliklərə baxmayaraq yazırdı: “...Azərbaycanda ilk əvvəl Mirzə Fətəli Axundov ilə başlayan yeni əlifba fikri böyük inqilab nəticəsində yenə Azərbaycan Yeni Əlifba Komitəsinin fəal təşəbbüsü ilə həyata tətbiq edildi”. O davam edərək yazırdı: “... Bu qurultay (Birinci Türkoloji Qurultay – B.X.) Şərq aləmindəki mədəni inqilabın ən mühümü olan əlifba inqilabının rəsmi surətdə təməl və əsasını qoymuş olduğu kimi əsrlərcə ərəb əlifbasının muşkulatı altında əzilən xalqlar ilə əlifbadan məhrum olan, bir çox ibtidai halda yaşayan xalqlar üçün elmi, fənni əsaslar üzərinə qurulan bir əlifba verdi”. (bax: Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.147)