
Aprel ayının 2-dən 5-nə kimi cəbhədə baş verən gərginlik, keçirilən hərbi əməliyyatlardan sonra hər iki tərəf arasında atəşkəs razılığı əldə olundu.
Lakin buna baxmayaraq, təmas xəttində demək olar ki, hər gün atəşkəs pozulur, silahlar susmur. Politoloq Arzu Nağıyev Modern.az saytına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu, Rusiyanın məsələyə yanaşmasını qiymətləndirib.-Aprelin əvvəlində cəbhədə baş verən hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsindəki indiki vəziyyəti , mövcud siyasi durumu necə şərh edərdiniz ?
-Aprelin əvvəlində baş tutan hərbi əməliyyatdan sonra Azərbaycan ordusu demək olar ki, Dağlıq Qarabağ ərazisində azad etdiyi torpaqlarda istehkam bərkitmə işləri həayata keçirir ,yeni mövqelər gücləndirilir.
Eyni zamanda Ermənistan itirdiyi mövqelərdən çəkilməklə özləri üçün yen mövqelər seçirlər. Siyasi baxımdan isə Azərbaycan ordusunda ruh yüksəkliyi var. Təcavüzkara artıq öz gücümüzü göstərməklə danışıqlar masasına əyləşdirə bilmişik. Ermənistan rəhbərliyi və ordusu bu məğlubiyyəti qəbul etmir. Hələ də bu məğlubiyyətdən necə çıxacaqları haqqında, öz havadarlarının yanında günahkarın kim olduğunu müəyyənləşdirmək istiqamətində işlər görürlər.
Qırmızı Xaç və Qızıl Aypara cəmiyyəti tərəfindən həlak olanların nəşinin dəyişdirilməsi başa çatıb. Amma ermənilərdən hələ də yaralıların sayı çoxdur. Texnika itkisi, həlak olanların sayının çoxluğu ermənilərə gərginlik yaşadır.
-Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki hazırkı mövqeyi Azərbaycanın maraqları baxımından nə dərəcədə qənaətbəxşdir?
-Rusiya bu gün sanki nüfuz davasına qoşulub. Çünki Dağlıq Qarabağ məsələsində super güclər avtoritet davasındadırlar. Onlar kimin daha çox nüfuz sahibi olmasını isbat etməyə çalışırlar. Məhz buna gör də bir müddət əvvəl Nalbandyanın Kazan prinsipini ortaya qoyması buna işarə idi. Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri, ilk öncə 5 rayonun qaytarılması, daha sonra isə 2 rayonun, status-kvo məsələsinə qayıtmaq müzakirələri davam edir.
Artıq Sergey Lavrovun bəyanatlarından sonra Azərbaycanı Rusiyanın indiki mövqeyi heç cürə qane etmir.
Heç bir konkret bir addım atılmır. Digər tərəfdən isə Lavrov Ermənistana səfərindən sonra artıq separatçı Dağlıq Qarabağ rəhbərliyini bir qurum kimi danışıqlar tərəfinə çevirməyə çalışır. Buna görə də Ermənistanda Sarkisyanın özünün yaratdığı mitinqlər davam edir. İrəvandakı mitinqlər, antirus çıxışları hamısı orada status-kvonun saxlanılmasının, danışıqlar prosesinin uzadılmasına hesablanıb. Rusiya generalitetini bir hissəsi Dağlıq Qarabağda sıradan çıxmış texnikanın baxışını keçirirlər və necə məhv edilməsi araşdırılır.
-Rusiya baş naziri Dmitri Medvedevin və Sergey Lavrovun Bakı səfərindən sonra Rusiyada verdikləri bəyanatlar danışıqlar prosesinə necə təsir edəcək? -Rusiya və Ermənistan indi 1994-cü ildəki Bişkek protokoluna qayıtmaqla status-kvonu saxlamaq, prosesini uzatmaq istəyir. Azərbaycanı qane etməyən ən əsas məsələ odur ki, Rusiya hələ də ərazi bötüvlüyü məsələsini dilə gətirmir.
Madrid, Kazan və Praqa prinsiplərində bizim birinci şərt kimi irəli sürdüyümüz məqam ərazi bütövlüyü və suverenlikdir.
Onlar millətin öz müqəddəratını həll etmək məsələsini ortaya salmaqla ərazi bütövlüyü məsələsini 2-ci plana çəkmək istəyirlər. Lakin prezident İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi Dağlıq Qarabağ yalnız Azərbaycanın ərazi prinsipi çərçivəsində həllini tapdıqdan sonra milli müqəddərat məsələsi gündəmə gələ bilər. Ona görə də ortada ciddi mövqe ayrılığı var. İstər Lavrovun istərsə də Medvedevin bu cür qərəzli bəyanatları başa düşülən və aydındır.
-Münaqişə Rusiyanın siyasi iradəsi nəticəsində həllinİ tapa biləcəkmi?
-Xeyr, bu münaqişə heç vaxt Rusiyanın əqidəsi, iradəsi sayəsində həllini tapmayacaq. Çünki bütün dünya bu məsələdə maraqlıdır. BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü Minsk qrupunun həmsədrləridir. Heç vaxt Rusiya bu münaqişənin həllində tək başına aparıcı rolu oynaya bilməz. Bunun sonu bildiyimiz kimi müharibə və digər faktorlarla nəticələnməsi şansı daha çoxdur. Çünki Rusiya 1994-95-ci illərdə öz əsgərlərinin hesabına Azərbaycan torpaqlarını işğal edilməsində Ermənistana yaxından köçmək edirdi. Amma indi bu Rusiya bu məsələdə kömək etməz. Çünki b gün dünyanın intizamı başqa cürdür. Rusiyanın bu münaqişənin həll edəcəyinə inanmıram.
-Təmas xəttindəki hərbi əməliyyatlardan sonra ATƏT-in Minsk qrupunun və beynəlxalq təşkilatların münaqişənin həllində ciddi şəkildə addımları, təşəbbüslərinin olacağı gözlənilirmi ?
-Ümumiyyətlə, istər ATƏT-in MİNSK qrupu və digər beynəlxalq təşkilatlar sülh məsələsini daha çox ön plana çəkirlər. Amma sülhə getmək üçün isə ilk növbədə ərazi bütövlüyü rəhbər tutulmalıdır. Madrid prinsipləri çərçivəsində bu məsələ həll olunmalıdır. Bu gün sülh, diplomatiya və güc nümayiş etdirməklə təcavüzkar tərəfi danışıq masasına otuzdurmuşuq. Həyata keçirilən hərbi əməliyyatlar müharibə deyil. Bu bizim öz ərazimizdə həyata keçirdiyimiz anti-terror əməliyyatıdır. ATƏT də hamı kimi bunu dərk etməlidir.
-Rusiyalı politoloq Sergey Markovun bu ilin sonuna qədər Azərbaycanın torpaqlarının bir hissəsinin qaytarılacağı bəyanatları reallığa uyğun gəlirmi ?
-Sergey Markov ATƏT-in Minsk qrupunun sözlərini deməsə də o Kreml yönümlü politoloq, siyasətçi kimi tanınır. Sanki Markovun səsləndirdiyi bəyanatların məsələnin kökündə yenə də Kazan Prinsipləri durur. Düşünürəm ki, Markovun bəyanatlarında ilk öncə 5 rayonun, daha sonra 2-sinin, Laçının 13 kəndinin verilməsi, əraziyə sülhməramlıların gətirilməsi məsələsi var.
-Danışıqların getdiyi indiki vaxtda yaxın aylarda hərbi əməliyyatların başlanması ehtimalı gözlənilirmi ?
-Müharibələr hava şəraitindən, coğrafi şəraitdən, qoşunların tutduğu mövqelərdən asılı olaraq davam edir. Qışın qış, yayın yay müharibəsi var. Bizim coğrafi mövqeyimiz elədir ki, bu ərazilərdə müharibələrin qızğın fazası hər zaman daha çox yaz və yay aylarına təsadüf edir.
Havalar isindikcə qoşunların döyüş taktikasını dəyişməlidir. Bunun həm çətinlikləri, həm də və müsbət yönləri var. Bizim öz mövqelərimizdə möhkəmlənmə gedir. Biz təkliflər gözləyirik. Ərazi bütövlüyü çərçivəsində millətin öz müqəddəratını həll etmək məsələsindən sonra ermənilər bizim mövqeləri atəşə tutsalar, iri çaplı silahlardan atsalar Azərbaycan ordusu irəli addımlamağa, öz torpaqlarını azad etmək iqtidarındadır.
Ağa AKİFOĞLU