Modern.az

Azərbaycan Xəzərə 50 milyondan çox nərə buraxıb

Azərbaycan Xəzərə 50 milyondan çox nərə buraxıb

28 Aprel 2016, 14:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin tərkib hissəsi kimi fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodunun istehsalı bilavasitə nərə cinsli balıq körpələrinin istehsalı və təbii su hövzələrinə buraxılmasını təmin etməkdən ibarətdir.

Xıllı Nərə Balıqartırma Zavodunun direktoru Zaur Salamovun Modern.az saytına verdiyi məlumata görə, eyni zamanda departamentin nəzdində 11 balıqartırma müəssisəsi fəaliyyət göstərir:

“Onlardan 4-ü nərə balıqartırma , qalanları çəkikimilər, qızılbalıq və bitki ilə qidalanan balıq növlərinin artırılması ilə məşğul olurlar.

Əsas fəaliyyət istiqamətlərinə su canlılarının qorunması aiddir.

Bununla balıq mühafizə xidməti məşğul olur. Bizim zavod Azərbaycanda ilk böyük Xıllı Nərə Balıqartırma Zavodu olmaqla yanaşı, həm də Xəzəryanı dövlətlər arasında da ən böyük balıqartırma zavodudur. Zavod 2003-cü ildə təxirəsalınmaz layihələr proqramı çərçivəsində ərsəyə gəlib və Dünya Bankının kreditləri hesabına maliyyələşib. 2004-cü ildə ilk balıqartırma mövsümü olub. Biz ona yaz-yay artırma mövsümü deyirik. 2016-cı ilin yaz-yay mövsümünün içərisində olduğumuz müddətinə qədər Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 50 milyondan artıq nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayının mənsəbi vasitəsilə Xəzər dənizinə buraxılıb”.

Zavodun direktoru hazırkı balıq ehtiyatlarının SSRİ dövrü ehtiyatları ilə müqayisə olunmayacaq səviyyədə olduğunu qeyd edib:

“Çünki, həmin dövrdə çox böyük balıq ehtiyatları vardı. Balıq ehtiyatlarının üzərində balıqovlama, balıqemalı müəssisələri fəaliyyət göstərirdi. Bu gün balıq ehtiyatlarının azalması, tükənməsi təkcə Azərbaycan sularında deyil, bütün dünyada müşahidə edilən tendensiyadır”.

Ən çox yayılan balıq növləri

Z.Salamov Azərbaycan sularında daha geniş yayılmış balıq növləri barədə də məlumat verib: “Xəzər dənizinin bioresurslarının mühafizəsi və düzgün idarə edilməsi məqsədilə 1992-ci ildə Xəzəryanı dövlətlər bir araya gəlib və Bioresurslar Komissiyası yaradılıb. 2014-cü ildən isə bu Komissiya artıq hökumətlərarası komissiya statusunu alıb. Eyni ildə müvafiq Saziş imzalanıb. Bu gün Xəzər dənizinin ehtiyatlarının idarə olunması daha da təkmilləşdirilir. Əmtəə balıqçılığına daxil olanlar (çaylarda, göllərdə, qəfəslərdə saxlanılan və biznes fəaliyyəti üçün istifadə edilən) arasında çəki və çəkikimilər, bitki ilə qidalanan balıqlar ( ağ amur), əlvan farel (dağ və dağətəyi rayonlarda) və son zamanlar geniş vüsət alan nərə balıqlarını xüsusi qeyd etmək lazımdır”.

Balıq və balıq məhsulları ucuzlaşacaq

 Direktor balıq və balıq məhsullarının baha olmasını belə izah edib:

“Balıqların baha satılması ehtiyatların azalması ilə bağlı olduğu kimi başqa amillərlə də bağlıdır. Qısa zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış ”Balıqçılıq haqqında” Qanun ölkə rəhbərliyinə təqdim olunub.

Qanun Prezident tərəfindən imzalanaraq təsdiqlənib. Hazırda texniki məsələlər müzakirə olunmaqdadır. Nazirlər Kabineti tərəfindən öz təsdiqini tapanndan sonra əmtəə balıqçılığı daha da genişlənəcək. Əmtəə istehsalı çoxaldıqca istehlakçı daha ucuz qiymətə, daha keyfiyyətli balıq və balıq məhsulları əldə edəcək. Bundan başqa Azərbaycanda əmtəə balıqçılığında digər hidrobiontların yetişdirilməsi nəzərdə tutulub”.

3 ayda qanunsuz balıq ovuna görə 51 protokol tərtib edilib

Z.Salamov qanunsuz balıq ovu ilə bağlı çox sayda protokol tərtib edildiyini qeyd edib:

“Balıqların qanunsuz ovlanmasının qarşısının tam alınması hələ ki, mümkün deyil. 6 növ nərə cinsli balıqların hamısının ovu Xəzər dənizində və Azərbaycan sularında qadağan edilib. Buna baxmayaraq qanunsuz balıq ovu baş verir.

Qeydiyyata alınmamış, yaxud başqa növ balıq ovlamaq üçün icazə alıb nərə ovlayanlara qarşı balıq mühafizə xidmətinin əməkdaşları lazımi tədbirləri görür.

Belə ki, 2016-cı ilin 1-ci kvartalında qanunsuz balıq ovu ilə bağlı 51 protokol tərtib edilib. Bunlardan 8 iş cinayət tərkiblidir. İş protokollaşdırılaraq hüquq mühafizə orqanlarına göndərilib.

Tərtib olunmuş 43 protokola isə inzibati qaydada baxılıb. 1-ci kvartal üzrə dəymiş ziyanın məbləği 12,144 min manat civarında müəyyənləşib. Onun da 5700 manatdan çoxu ödənilib, qalanın da ödənilməsi üçün müvafiq məhkəmə prosedurları davam etdirilir”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?