Modern.az

Cibinizə pul qoyun

Cibinizə pul qoyun

Təhsil

3 May 2016, 17:36

Belə-belə işlər 

Yox, bilirəm ki, evdən pulsuz çıxmazsınız. Amma unutmayın, indi addımbaşı pul xərcləməlisən, daha doğrusu pul paylamalısan.

Məsələn, o gün avtobusdan düşüb, metroya gedəndə gördüm yenə həmin kişi elə həmişəki görkəmdə altına bir kordon sərib, bardaş qurub və gəlib-gedəndən sədəqə istəyir:

- Allah sizə dərd göstərməsin! Allah bütün arzularınızı yerinə yetirsin, kömək olsun. Ay qardaşlar, ay bacılar, şikəst adamam, mənə də bir çörəkpulu verin, Allah yolunda!

Verirdilər. Kişinin elə məzlum, elə mağmun görkəmi var ki, (yəqin görmüsünüz!) istər-istəməz onun dualarına, yalvarışlarına etinasız qalmaq olmur. Özü də lotunun biridi. Gözünə babat şey dəyəndə dilini saxlamır. O gün qabaqda 60-70 yaşlarında bir xanım gedirdi. Bir də mən idim, arxadan gəlirdim. Həmin o dilənçi, məzlum, mağmun dilənçi kişi xanıma söz atdı. Hə, qardaş, sataşdı, söz atdı:

- Qəşəng qız, pensiya kartın düşdü.

Xanım da özünə görəsi deyilmiş. Ağzındakı protezləri şaqqıldadıb, səhmanı saldı və dilləndi:

- Götüy şox göjünə!

Dilənçi bic-bic güldü və məni görəndə inildədi:

- Ay qardaş, Allah balalarını saxlasın, mənə bir çörəkpulu…

Elmlər Akademiyasının qarşısında qəşəng bir hovuz var. Arabir suyu buraxırlar, fəvvarə işə düşür və elə gözəl şəlalə səsi gəlir ki, adamın ruhu dincəlir. Elə mən də skamyada oturub həmin o ruhumu dincəldirdim. Birdən səliqə ilə geyinmin, qalstuklu vid-fasonundan oxumuş, ziyalı adama oxşayan birisi məni görəndə, sevincək üstümə gəldi. Mən də hörmət xatirinə ayağa qalxdım. Çatanda əl uzatdı və son illərin dəbinə uyğun olaraq öpüşüb, görüşdük. Elə sevinirdi ki, bu hiss məni də bürüdü:

- Nətəhərsən, necəsən? Yenə öz işindəsənmi? Uşaqlar necədi? Ağrıyıb, eləmirsən? Özünü qoru, havaları bilmək olmur. Nə yaxşı səni gördüm. Dilxor olmuşam. Maşının benzini qurtarıb, qalmışam belə. Bayaqdan bəri bir tanış rast gəlməyib. Nə yaxşı ki, səni gördüm. Bir beş-on manat...

Elə sürətlə və coşquyla danışırdı ki, fikirləşməyə macal tapmırdım.

- Yenə orada olursan?

- Hə!

- Mən də oradayam də. Ramizgilin evinin dalında.

- Doğrudan?

- Dədəmin goru haqqı! O təzə ev mənimkidi dəə, qonşuyuq. Sağ tərəfdə də Muradgilin evidi.

- Hə, hə, - dedim, - lap yaxşı. Bəs, maşın harda qalıb?

- Politexnikdən o tərəfdə!

- Gedək də, yolda qalmayacaqsan ki. Elə mən də kəndə…

- Yox! Ay məllim, arvad-uşaq da maşındadı. Yoxsa, maşın qurbandı sənə. Qayınanam, baldızım…

Cibindəki pulları çıxardım. 10 manatı ayıranda, əlini kürəyimə vurdu:

- Ay məllim, xəcalət verirsən, amma on manatla iş düzəlmir. Yenə yolda qalacam, uşağa dərman da almalıyam.

20 verdim. Getdi. Və birdən sanki yuxudan ayıldım. Ə, mən bunu tanımıram. Qonşuluqda nə Ramiz var, nə də Murad. Həə… anladım. Durub o gedən tərəfə bir-iki addım atdım və dayandım. Özüm özümə güldüm. Atmışdı mənə. Və təkcə mənəmi?

Qayıdıb oturdum yerimdə. Yenə onlardan biri. Bir qadın tələbə qızların-oğlanların qabağını kəsib, pul istəyirdi. Birinə deyirdi:

- Uşağım xəstədi, ay qızım. Dərman almağa…

O birinə yalvarırdı:

- Sumqayıta getməliyəm, yol pulum yoxdu.

Başqasına:

- Evim yanıb, çöllərdə qalmışam.

Və bir qızla bir oğlan gəlirdi. Hiss olunurdu ki, təzə tanış olublar. Arvad özünü çatırdı onlara:

- Ay cavan, səni and verirəm, bu gözəl qızın canına, mənə bir nəzir ver!

Oğlan qıpqırmızı oldu. Ona nə qədərsə pul verdi. Arvad başını buladı:

- Ay cavan, belə gözəl qızın xatirinə bu qədər?

Oğlan yenə nə qədərsə pul verdi və arvad aldıqlarını ovcunda büküb, dodağının altında mızıldandı:

- Kül başınıza! Evdən çıxanda cibinizə pul qoyun də! - dedi və yeni gələnləri görüb səsini ucaltdı, - İndicə cibimdən pulumu çıxarıblar, qalmışam yolda, ay qardaş.

Və sonra saata baxdı. Yola tərəf getdi. Daha sonra cibindən telefon çıxardı, kiməsə zəng elədi. Bundan sonra bir “Mersedes” gəldi. Arvad sürücünü danladı:

- Ə, sənə deməmişəm, dediyim vaxtda yanımda ol? İndi deyirsən səni it kimi qovum?

Maşina oturdu. Mən də dincimi almışdım. Metroya tərəf getdim. Orada kimləri görəcəm, Allah bilir. Amma evdən çıxanda cibinizə pul qoyun. Yoxsa, bunların yanında xəcalətli olacaqsınız…  

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə