Modern.az

İcra başçısı cəbhə xəttindəki kəndlərə getdi - FOTOLAR

İcra başçısı cəbhə xəttindəki kəndlərə getdi - FOTOLAR

9 May 2016, 14:55

Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü düşmənlə təmas xəttində yerləşən Əhmadalılar, Qazaxlar və Mirzənağılı kənd sakinləri ilə olub.

Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib.

İcra başçısı aprelin əvvəlində cəbhədə baş vermiş hadislərdən danışıb, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun qazandığı qələbənin  bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurduğunu vurğulayıb.
Qeyd edib ki, cəbhə xətti boyunca yerləşən Mirzənağılı, Qazaxlar, Alıxanlı, Şükürbəyli kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.

Səyyar qəbulda bildirilib ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin fasiləsiz işıq, su, qaz və yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edir.  Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. 

Mirzənağılı kənd sakini Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Kənd sakinləri qeyd edirlər ki, ermənilərin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığının, acizliyinin nümunəsidir. Bildirilib ki, düşmənin Azərbaycan əsgəri qarşısında tab gətirməyərək darmadağın olması, qaçması füzulililəri bir daha əmin etdi ki, xalqımızı qoruyan güclü ordumuz və ölkəyə rəhbərlik edən Ali Baş Komandan var.










Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə