Modern.az

Təhsildə 8 saatlıq rejimə keçid: görülməsi vacib olan işlər və TƏKLİFLƏR

Təhsildə 8 saatlıq rejimə keçid: görülməsi vacib olan işlər və TƏKLİFLƏR

Təhsil

21 Noyabr 2025, 10:32

2027-ci ildən müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçməsi nəzərdə tutulur. Bu model ideya baxımından cəlbedici və zəruri görünür. Dünyanın inkişaf etmiş ölkələrində müəllim əməyinin məhz iş saatına görə qiymətləndirilməsi çoxdan uğurla tətbiq edilir. Lakin belə bir modelin tətbiqi yalnız əməkhaqqının yenilənməsi deyil, ümumi təhsil sisteminin məzmununda, təşkilində, idarə olunmasında və pedaqoji mühitində köklü dəyişiklik tələb edir. Təhsil sistemli prosesdir və burada yeniliyin hər addımı düşünülmüş, elmi əsaslı və müzakirəli olmalıdır.

İllərlə yığılıb qalan problemlər, pozulan ənənələr və məktəbin öz mahiyyətindən uzaqlaşdırılması bu gün yeni modelə qarşı müqaviməti artıran əsas amillərdəndir. Cəmiyyətdə bəzən aqressiv görünən müzakirələrin səbəbi də budur: şəxsi maraqlar ictimai mənafenin önünə keçir. Halbuki söhbət millətin gələcəyindən gedirsə, yanaşma yalnız məsuliyyətli ola bilər.

Unutmamalıyıq ki, yeniliyə müqavimət təbiidir. İnsanları tərəddüdə salan faktorlar çoxdur:

uzun illərin vərdişləri;
şəxsi maraqlar;
yeni sistemin effektivliyinə inamsızlıq;
mövcud şəraitin uyğun olmaması.

Lakin məqsəd böyük və doğrudursa, gedişatda yaranan maneələr də aradan qaldırıla bilər.

Son illərin diaqnostik qiymətləndirmələri, sertifikatlaşdırma prosesi, işə qəbulun yeni qaydaları müəllimlərin akademik bilik səviyyəsini xeyli yüksəltmişdir. Amma yalnız bilik kifayət deyil - tədris prosesini idarə etmək, müxtəlif yaş və səviyyədə olan şagirdlərlə işləmək, nəticəyönlü dərs planlaşdırmaq da peşəkarlığın vacib tərkibidir. Təcrübə göstərir ki, akademik bilik yalnız bacarığa çevriləndə uğur hasil olur.

Əgər yeni model müəllimin davamlı peşəkar inkişafını təmin etmək, pedaqoji səriştəni artırmaq, məktəbdaxili əməkdaşlıq və təcrübə mübadiləsini genişləndirmək, intizamı və məsuliyyəti yüksəltmək, təhsildə real keyfiyyət dəyişikliyi yaratmaq məqsədi daşıyırsa - bu, çoxdan gözlənilən və tam doğru bir addımdır.

Təhsildə illərlə yığılan problemlərin etirafı və həlli cəhdləri hər bir sağlam düşüncəli insan tərəfindən dəstəklənməlidir.

Təhsilin idarə edilməsində, pedaqoji sahədə uzun illərin təcrübəsinə əsaslanaraq, yeni modelə geniş miqyaslı keçidə başlamazdan əvvəl mütləq şəkildə görülməsi vacib olan işlər barədə aşağıdakı təklifləri irəli sürürəm:

TƏKLİFLƏR



1. Müəllimlərə əməkhaqqının iş saatına görə verilməsi təhsil həyatında, təlim- tərbiyə prosesində ciddi dəyişikliklər tələb edən bir məsələdir. Son zamanlarda sağlam olmayan, müxtəlif şəxsi maraqlara hesablanan müzakirələri aradan qaldırmaq üçün məsələyə nazirlik səviyyəsində tam, geniş aydınlıq gətirilməlidir: ilk növbədə qərarın məqsədi, tətbiq mexanizmi, hədəflər, gözlənilən çətinliklər və onların həlli, müəllimin 8 saatda hansı işləri görəcəyi və s. ictimaiyyətə tam və şəffaf şəkildə izah olunmalıdır. Bu olmadan müzakirələr emosional və subyektiv xarakter daşıyacaq, haradasa müəllim nüfuzuna da zərər yetirəcəkdir.

2. Düşünürəm ki, son illərdə Azərbaycanda təhsilin başlıca problemi ilk növbədə cəmiyyətdə ümumi təhsilin məqsədinin nədən ibarət olması haqqında yanlış düşüncənin formalaşmasıdır. Bu geniş mövzudur, qısaca ifadə etsək isə səbəbi - strategiyasız, sistemsiz fəaliyyətin nəticəsidir.

Bu gün ümumi təhsil sistemi - dövlət məktəbləri, özəl məktəblər, kurslar, repetitorlar, habelə valideynlər - təhsilin məqsədini yalnız ali məktəbə qəbul kimi görürlər. İllərlə rəsmi qurumlar da məktəbləri məhz bu göstəriciyə görə qiymətləndirməklə bu məsələni daha da rəsmiləşdirmişlər. Bu yanaşma məktəbi öz əsas missiyasından uzaqlaşdırıb.

Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin əsas məqsədi (Maddə 4), yaxud “Ümumi təhsil haqqında” Qanunda ümumi təhsilin mahiyyəti və məqsədi qeyd olunarkən (Maddə 7) ali məktəbə şagird hazırlamaq adlı bir tələb yoxdur.

Təhsil sisteminin dəyərlərə malik vətəndaş, zəngin mənəviyyatlı insan, bütün hallarda rəqabətqabiliyyətli bacarıqlara malik kadr yetişdirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi missiyası unudulmaqdadır.

İstedadlı şagirdlərin və bacarıqlı müəllimlərin böyük hissəsi ali məktəbə qəbul olmaq üçün dövlət məktəbindən kənar təhsillə məşğul olur. Bunlar isə həm də təhsildə və cəmiyyətdə mövcud olan bir çox problemlərin əsasını təşkil edir. Təhsilalanların məktəb həyatından kənar tərbiyəsində qeyri- müəyyənlik, onların keçirdiyi psixoloji gərginlik, övladlarının ali təhsi alması üçün valideynlərin maddi və mənəvi əziyyətləri ciddi narahatlıq doğurur.  

Nazirlik, media, təhsil ictimaiyyəti, məktəblər birlikdə, sistemli şəkildə çalışmalıdır ki, təhsilin strateji məqsədi cəmiyyətə açıq və aydın çatdırılsın. Məktəbin əsas hədəfi yalnız “test əzbərlətmək və qəbul nəticəsi” kimi anlaşılmasın. Bu düşüncə dəyişməsə, yeni model “yarımçıq doğulan ideya” olaraq qalar.

Təhsilalanın şəxsiyyət kimi formalaşması prioritetə çevrilməlidir.

3. Məlumdur ki, təhsil- tərbiyə məsələsi elə zərif, həssas bir sahədir ki, bu sahədə işin təşkilinin hədəfdən yayınması, pozulması nə qədər çox müddətdə davam edirsə, onun bərpası və inkişaf etdirilməsi də daha çətin olmaqla çoxşaxəli fəaliyyət, vaxt, əlavə resurslar və s. tələb edir. Təəssüf ki, təhsilimizdə məhz belə vəziyyət yaranmışdır.

Yeni modelin tətbiqinin tələbləri istiqamətində şərait və resurslar üzrə geniş monitorinq aparılmalıdır. 8 saatlıq iş rejimində müəllimlərin iş otaqları, gündəlik minimum şəxsi tələbat qayğıları üçün şərait, texniki imkanlar, kompüter, internet, kitabxana və s. Habelə şagird kontingenti, məktəbin kadr potensialı hər bir məktəb üzrə ayrıca öyrənilərək, yeni qaydaların tətbiqi istiqamətində təhlil edilməlidir.

4. Yeni modelin tətbiqinə pilot layihə formasında mərhələli başlanması məqsədəuyğundur. Uğursuzluq, ləngimələr və gözlənilməz çətinliklərlə qarşılaşmamaq üçün üç səviyyədə, hər biri 10 məktəbi əhatə etməklə 30 məktəb (say şərtidir) seçilə bilər:

- yüksək potensial və şəraiti olanlar,
- orta səviyyəli məktəblər,
- ən çox çətinlik yaradan məktəblər.

Məktəblər şəhər və rayonları əhatə etməlidir. Pilot formatında başlamaqla dolğun təcrübə yaranar, həm də vaxt qazanılar ki, respublika üzrə digər məktəblərdə müəyyən hazırlıq işi getsin, problemlər imkan daxilində aradan qaldırılsın.

Pilot nəticələri ümumiləşdirildikdən sonra respublika üzrə tətbiqə başlanıla bilər.

5. Məktəblərin nüfuzunu qaldırmaq, istedadlı repetitor müəllimləri və yuxarı sinif şagirdlərini məktəbə cəlb etmək üçün orta məktəbin yuxarı siniflərində fənn proqramı ilə ali məktəbə qəbul proqramı tam uyğunlaşdırılmalıdır. Repititorluğu  meydana gətirən səbəb müəllimlərin yaxşı dərs keçməməsi deyil, məzmunun  qarışıq, sistemsiz olmasıdır.

Bu qaydaya düşdüyü halda məktəbdən kənarda təhsilə də ehtiyac qalmaz.

Hazırkı uyğunsuzluq təhsilin ən ciddi problemlərindən biridir.

6. Ümumi təhsil məktəblərində 8 saat işləyəcək müəllimin əməkhaqqı ən azı üç dəfə artırılmalıdır. Əlbəttə, müəllimlərin sertifikasiya göstəriciləri nəzərə alınmalıdır. Eyni zamanda yüksək maaş alan müəllimin təlim nəticələri üçün məsuliyyəti və hesabat mexanizmi yaradılmalıdır.

7. Yeni modelin tətbiqində lazımi elmi və pedaqoji köməklik göstərmək üçün peşəkar qrupdan ibarət mərkəz yaratmaq lazımdır (mərkəzə müxtəlif ad vermək olar: beyin mərkəzi, ekspert qrupu və s.). Mərkəz prosesi izləməli, məktəbləri təlimatlandırmalı, çətinlikləri operativ həll etməyə kömək etməli, pedaqoji istiqamət verməlidir. Mərkəz hər rayondan və ya hər məktəbdən müəyyən edilən bacarıqlı bir əlaqələndirici ilə işləməlidir.

8. Pedaqoji təhsil verən ali məktəblərdə təhsil alan tələbələrin təcrübə sistemi dəyişməlidir. Hazırkı bir neçə saatlıq formal pedaqoji təcrübə müəllim hazırlığına uyğun deyil. Ali təhsil dövrünün son iki kursu ərzində tələbələr müntəzəm məktəb təcrübəsi keçməli, dərsi müasir tələblərə uyğun təşkil etməyi, sinfin idarə edilməsini öyrənməli, özünə inamlı müəllim kimi yetişməlidir. Məktəbə təcrübə qazanmış, yenilikçi müəllim ruhu ilə gəlməlidir.

NƏTİCƏ:

Məktəbdə gündəlik 8 saatlıq iş rejiminə keçidin təşkili, səmərəliliyin artırılması üçün pedaqoji təcrübəli mütəxəssislərlə müzakirələr müntəzəm olaraq davam etməlidir.

Yeni model yalnız əmrlə tətbiq oluna bilməz. Bu, pedaqoji mədəniyyətin, məktəb mühitinin, düşüncə tərzinin dəyişməsini tələb edən çoxşaxəli prosesdir.

Bütün hallarda müəllim özünü sıxışdırılmış deyil, dəyərli hiss etməlidir. Ona qarşı qaydalara uyğun tələbkarlıqla bərabər hörmətlə yanaşmaq, imkan daxilində istirahəti və sağlamlığı barədə də qayğı göstərmək lazımdır.

Yeni model düzgün hazırlanıb, düşünülmüş formada, mərhələli tətbiq olunsa, yaxın illərdə təhsilin keyfiyyətində ciddi irəliləyiş əldə etmək mümkündür.

     
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə