Sertifikasiya prosesinin nəticələri müəllimlərin peşəkar hazırlığının obyektiv qiymətləndirilməsi üçün əsas mexanizmlərdən birinə çevrilib.
Son aylarda diqqət çəkən məsələlərdən biri isə 60 yaşdan yuxarı müəllimlərin bu imtahanlarda könüllü şəkildə iştirak etməsi və yüksək nəticə göstərməsi fonunda ortaya çıxan yeni hüquqi və inzibati yanaşma ehtiyacıdır.
Hazırda müzakirə edilən əsas təkliflərdən biri belə pedaqoqların 65 yaşdan sonra əmək müqaviləsinin müəyyən müddətə uzadılması ilə bağlıdır. Bu məsələ həm təhsil sisteminin kadr potensialının qorunması, həm də yaşlı müəllimlərin peşə fəaliyyəti hüquqlarının təmin edilməsi kontekstində yenidən gündəmə gətirilir.
Modern.az-a məsələ ilə bağlı açıqlama verən təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev isə bildiririb ki, yaşlı kadr əgər mütəxəssisdirsə, əgər sertifikasiya imtahanından yüksək bal yığıbsa, yaşı 60-dan yuxarıdırsa, əgər bu müəllimimiz artıq təqaüd yaşına çatıbsa, bu zaman sertifikasiya imtahanının nəticəsinə baxılmamalıdır.
Müəllimin sertifikasiyadan yüksək nəticə göstərməsi digər önəmli keyfiyyətləri görməməzlikdən gəlməyə imkan yaratmamalıdır:
"Bizim gənclərimiz gəlir, gələcək kadrlarımız yetişir. Yaşlı müəllimlər təqaüdə göndərilməli, istirahətini etməlidir. Həqiqətən də 60 yaşdan yuxarı pedaqoji fəaliyyəti yüksək qiymətləndirmək çətindir. Bunu bütün müəllimlərə şamil etmək olmaz, bəlkə də 60-65 yaşlı müəllim var ki, enerjilidir, amma istər-istəməz biz gənc kadrlara yer verməliyik, onları irəli çəkməliyik. Çünki baxırsan müəllim sertifikasiyadan yüksək bal toplayıb, amma orta ümumtəhsil müəssisəsində sinifi idarəetmə qabiliyyəti yoxdur və ya sinif hakimiyyəti çox zəifdir, şagirdlərə lazımi məlumatı ödəyə bilmir".
Ekspert vurğulayıb ki, sertifikasiya imtahanı müəllimin bütün müəllimlik keyfiyyətini üzə çıxarmır. Bu sadəcə imtahandır.
"Müəllimlik fəaliyyəti sadəcə sertifikasiya ilə məhdudlaşmamalıdır. Bu anlayış daha genişdir, - sinifi idarə etməyi, şagirdin psixoloji vəziyyətini, düşüncə tərzini, onun sinifi idarəetmə qabiliyyətini anlamağı bacarmalıdır. Biz bu keyfiyyətləri gözardı edib, sertifikasiyadan yüksək bal toplayan müəllimi təqaüdə göndərməmək yanlış yanaşmadır. Bu gələcəkdə müəyyən qədər sui-istifadələrə də gətirib çıxara bilər".
Əgər sertifikasiyada yüksək bal toplayan müəllimi əlavə 3-5 il saxlasaq, bu həm də gənc kadrların qarşısını kəsə bilər:
"Bugünkü vakant yerlərə baxanda da görürük ki, gənc müəllimlər üçün kifayət qədər yer yoxdur. Ona görə də bu məsələ diqqətlə tənzimlənməlidir. Gənc müəllimlərin məktəblərə cəlb olunması üçün daha çox təşviqedici tədbirlər nəzərdə tutulmalıdır".
"Gənc müəllim dinamikdir, enerjilidir, həm özü öyrənməyə, həm də öyrətməyə həvəslidir. Biz gənc kadrlara üstünlük verməliyik. Biz ali təhsil müəssisəsini bitirmiş, enerjisi olan, daha çox oxumağa və öyrətməyə meyilli olan gənc kadrlara üstünlük verməliyik" - deyə o sonda qeyd edib.