Təhsil sahəsində zaman-zaman gündəmə gələn, lakin hələ də tam həllini tapmayan məsələlərdən biri də məktəb psixoloqlarının fəaliyyəti və onların peşə hazırlığıdır.
Son illər valideynlərdən tutmuş müəllimlərə, təhsil ekspertlərindən media nümayəndələrinə qədər bir çoxlarının diqqətini çəkən məqam odur ki, məktəb psixoloqları hazırda sertifikasiya prosesindən kənarda qalırlar. Bu isə həm onların peşəkar səviyyəsinin ölçülməsi, eləcə də ümumi məktəb mühitinin psixoloji təhlükəsizliyi baxımından suallar yaradır.
Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, məktəb psixoloqlarının sertifikasiya prosesindən kənarda qalması gələcəkdə müəyyən peşəkar boşluqlar yarada bilər, amma bu məsələ çox həssas yanaşma tələb edir.
“Psixoloq müəllimdən fərqli olaraq, bilik yox, əsasən insan psixikası, emosional təhlükəsizlik, davranış və etibar üzərində işləyir. Ona görə də onların fəaliyyəti adi test və imtahan mexanizmi ilə ölçülə bilməz. Bu baxımdan sertifikasiya ideyası düzgün istiqamətdə atılmış addım sayıla bilər, amma bu proses tələsik, mexaniki və standartlaşdırılmış formada yox, psixoloqların ixtisasına uyğun, praktikaya əsaslanan, inkişafyönümlü model üzərindən qurulmalıdır.
Beynəlxalq təcrübəyə baxdıqda da görürük ki, məktəb psixoloqları heç vaxt tam nəzarətsiz qalmır. Bir çox Avropa ölkələrində onlar müntəzəm akkreditasiyadan keçirlər, ABŞ-da davamlı peşəkar inkişaf saatları məcburidir, Türkiyədə isə həm kvalifikasiya yenilənməsi, həm də etik monitorinq tətbiq olunur. Yəni dünya modeli göstərir ki, psixoloqlar üçün ayrıca, daha çevik və peşəyə uyğun nəzarət mexanizmləri qurulur”.
Müsahibimiz vurğulayıb ki, bu da onu deməyə əsas verir ki, bizdə də gələcəkdə belə bir sistemin düşünülməsi təbii və normaldır:
“Burada əsas məqam ondan ibarətdir ki, sertifikasiya özü məqsəd olmamalıdır. Əsas məqsəd psixoloqu cəzalandırmaq yox, onun peşəkar inkişafını stimullaşdırmaq, elmi yeniliklərə çıxışını təmin etmək və məktəb mühitində real təsir gücünü artırmaqdır. Bu gün nazirliyin bu məsələdə tələsmədən, mərhələli şəkildə yanaşması da məncə düzgün strategiyadır. Çünki sabah məktəb psixoloqları sertifikasiyaya cəlb olunacaqsa, bu mütləq onların sahəsinə uyğun meyarlarla, yazılı testlərdən daha çox real psixoloji situasiyalar üzərindən və dəstəkverici formatda həyata keçirilməlidir”.
Yekun olaraq G.Əkbərova əlavə edib ki, məktəb psixoloqları uzunmüddətli perspektivdə sertifikasiyadan kənarda qalmamalıdır:
“Amma bu proses müəllimlər üçün olan modelin birbaşa kopyası da olmamalıdır. Burada əsas hədəf nəzarət yox, inkişaf olmalıdır. Açığı, psixoloqa əlavə stres verən imtahan yox, məktəb üçün stres azaldan model lazımdır - psixoloqun işi də elə budur”,- deyə o qeyd edib.