Modern.az

Məktəblərdə telefondan istifadə qadağan edilsin!

Məktəblərdə telefondan istifadə qadağan edilsin!

Təhsil

31 Yanvar 2026, 14:40

Son illər təhsil mühitində mobil telefonların rolu ilə bağlı müzakirələr getdikcə intensiv xarakter alıb. Xüsusilə ibtidai siniflərdə sözügedən texnologiyanın uşaqların diqqətinə, davranışına və sosial bacarıqlarına təsiri bir çox ölkəni ciddi qərarlar verməyə vadar edib. Nümunə olaraq, İsveç hökumətinin payız semestrindən etibarən məktəblərdə mobil telefonlardan istifadəyə ümummilli qadağa tətbiq etməsi də məhz bu narahatlıqlardan qaynaqlanır. Yeni qaydalara əsasən, şagirdlər dərs gününün əvvəlində telefonlarını təhvil verəcək, dərslər başa çatdıqdan sonra isə geri alacaqlar. Oxşar yanaşmaların Gürcüstan və digər ölkələrdə də artıq sınaqdan keçirilməsi mövzunun aktual əhəmiyyətini bir qədər də artırır.

Təbii olaraq, bu cür qərarlar Azərbaycan təhsil məkanında da müzakirə predmetinə çevrilir. Burada əsas prioritet təkcə qadağa ilə bağlı deyil, eyni zamanda təhsildə intizamın, diqqətin və sağlam öyrənmə mühitinin necə qorunması ilə əlaqəlidir.

Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dünyada sosial media, telefon və süni intellekt müsbət tərəfləri ilə yanaşı, getdikcə mənfi təsirlərini də daha qabarıq şəkildə göstərməyə başlayır.

“Bu mənfi təsirləri biz xüsusilə təhsil mühitində aydın müşahidə edirik. Hazırkı dövrdə artıq dərs mühiti müəyyən mənada pozulur: həm şagirdlər, eləcə də müəllimlər dərs zamanı telefondan istifadə edir, bəzən videolara baxır, bəzən isə telefon zənglərinə cavab verirlər. Bütün bunlar tədris prosesinə ciddi mənfi təsir göstərir”.

Deputat vurğlayıb ki, məhz buna görə də ölkəmizdə də bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var:

“Belə bir addımın atılması təhsil mühitinə mühüm töhfələr verə bilər. Bu töhfələrin əsas mahiyyəti ondan ibarətdir ki, həm şagirdlərin, eləcə də müəllimlərin diqqəti dərsdən yayınmayacaq. Hhesab edirəm ki, bu məhdudiyyətlər yalnız şagirdlərə deyil, müəllimlərə də şamil olunmalıdır. Bu tətbiq edildiyi halda telefonların tədris prosesinə mənfi təsirinin qarşısı alınacaq”.

Deputat əlavə edib ki, hazırkı şəraitdə dərs zamanı gələn zənglərə və mesajlara cavab verilməsi təhsil prosesinə çox ciddi şəkildə mane olur:

“Bu səbəbdən müvafiq məhdudiyyətlərin tətbiqinə real və ciddi ehtiyac var. Hesab edirəm ki, bu yanaşma təhsil mühitində nizam-intizamı gücləndirə, dərslərin daha rahat və səmərəli şəkildə keçirilməsinə şərait yarada və nəticə etibarilə təhsilə müsbət təsirlərini göstərə bilər”.

Təhsil eksperti Səbuhi Abdullayev isə hesab edir ki, xarici ölkələrdə tətbiq olunan müəyyən qaydalar artıq qismən Azərbaycanda da icra olunur:

“Hətta elm və təhsil naziri Emin Əmrullayev də bu strategiyanın tətbiqindən sonra bir çox məktəblərdə, eləcə də universitetlərdə müvafiq praktikanın həyata keçirildiyini bildirmişdi.

Hazırda bu yanaşma təkcə lisey və ibtidai təhsillə məhdudlaşmır, orta məktəbin bütün siniflərini əhatə edir. Şagirdlər sinfə daxil olarkən mobil telefonlarını xüsusi ayrılmış qutulara yerləşdirirlər və dərs bitdikdən sonra həmin telefonlardan valideynlərlə əlaqə saxlamaq və ya zəruri hallarda nəqliyyat sifariş etmək üçün istifadə edirlər”.

Ekspert həmçinin bu qaydanın rəsmi şəkildə təsdiqlənmədiyinə də diqqət çəkib:

“Bu qayda rəsmi şəkildə təsdiqlənməsə də, artıq bir çox məktəbdə tətbiq olunur. Müəllimlər və sinif rəhbərləri fərdi təşəbbüslə bu praktikadan istifadə etməkdə sərbəstdirlər. Hesab edirəm ki, bu yanaşma şagirdlərin diqqətinin yayınmasının qarşısını almaq baxımından olduqca vacibdir. Çünki sosial şəbəkələrə həddindən artıq maraq şagirdlərin dərs prosesindən uzaqlaşmasına səbəb olur”.

S.Abdullayev əlavə edib ki, məhz bu səbəbdən mobil telefonların dərs zamanı şagirdlərin üzərində qalması yolverilməzdir və onlar mütləq yığışdırılmalıdır:

“Bu, bir tərəfdən diqqət dağınıqlığının qarşısını alır, digər tərəfdən isə şagirdlərin dərsə fokuslanmasını və mövzuya daha yaxşı köklənməsini təmin edir. Düşünürəm ki, bu məsələyə rəsmi qərar verilib bütün məktəblərdə tətbiq olunarsa, nə şagirdlərin, nə də valideynlərin etirazı olmaz və hər kəs birmənalı şəkildə bu qaydaya əməl edər”.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır