Modern.az

Məktəblər publik hüquqi şəxsə çevrilsin! - TƏKLİF

Məktəblər publik hüquqi şəxsə çevrilsin! - TƏKLİF

Təhsil

Bu gün, 15:15

Azərbaycanda məktəblərin publik hüquqi şəxslərə çevrilməsi təhsil sistemində idarəetmənin daha çevik qurulmasına imkan yarada bilər.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində təşkil olunan “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, millət vəkillərinin məktəblərlə davamlı təmasda olması, ünsiyyət qurması və bu cür tədbirlərdə iştirakı çox önəmlidir. Onun sözlərinə görə, bəzən müxtəlif fikirlər səslənsə də, belə görüşlərin böyük əhəmiyyəti var:

“Bu həm bizim üçün motivasiyadır, həm də gördüyümüz işlərə göstərilən dəstəkdir. Eyni zamanda bunu şagirdlərimizin əməyinə verilən yüksək qiymət kimi də dəyərləndirmək olar”.

Milli Məclisin üzvü onu da nəzərə çatdırıb ki, bütün proseslər məktəbdən başlayır və hazırda ölkədə təhsil və gənclik sahəsi bir sıra ciddi çağırışlarla üz-üzədir:

“Bu gün təhsil prosesinə təsir edən amillərin sayı getdikcə artır və bu da tədris prosesini daha çətin edir. Ona görə də bu sahədə görülən işlərin davamlı olması və məktəblərin daim diqqət mərkəzində saxlanılması çox vacibdir”.

Deputat əlavə edib ki, məktəblərin publik hüquqi şəxslərə çevrilməsi təhsil sistemində yeni yanaşmaların formalaşmasına və idarəetmədə daha çevik mexanizmlərin tətbiqinə imkan yarada bilər:

“Dövlət tərəfindən həyata keçirilən bu dəyişikliklər təhsilin inkişafına mühüm töhfə verə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV