Azərbaycanda peşəkar idmanın inkişafı ilə bağlı uzun illərdir müzakirə olunan əsas problemlərdən biri də gənc idmançıların 17 yaşdan sonra əsgərliyə getdikləri üçün sistemdən uzaqlaşmasıdır. Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurovun Milli Məclisdə keçirilən ictimai dinləmədə səsləndirdiyi fikirlər bu məsələni yenidən gündəmə gətirib. Onun sözlərinə görə, ali təhsil və hərbi xidmət amilləri bir çox perspektivli idmançının karyerasını davam etdirməsinə mane olur. Bu isə öz növbəsində ölkədə idman rəqabətinin zəifləməsinə, bəzi federasiyaların yerli kadr çatışmazlığı səbəbindən legionerlərə üstünlük verməsinə gətirib çıxarır. Fərid Mansurov sözügedən məsələnin qanunvericiliklə tənzimlənməli olduğunu da qeyd edib.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, belə bir addımın atılması ayrıseçkiliyə gətirib çıxara bilər:
“Farid Mansurova onun Azərbaycan idmanının inkişafına verdiyi töhfələrə və şəxsi keyfiyyətlərə görə, çox böyük hörmətim var. Amma unutmaq lazım deyil ki, biz hüquqi dövlətdə yaşayırıq və insanlara idmançı, musiqiçi və yaxud hər hansı peşənin, sənətin sahibi olduqları üçün xüsusi imtiyazlar tanınması, onlara münasibətdə selektiv yanaşma tətbiq edilməsi hüquqi dövlət anlayışının fəlsəfəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və insan hüquq və azadlıqları ilə bağlı bütün beynəlxalq sənədlərin prinsiplərinə ziddir.
Konstitusiyamızın “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinin III bəndində qeyd edilir ki, “dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandı”. Eyni maddənin V bəndində isə qeyd olunur ki, Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”.

İdmançılara münasibətdə hələ SSRİ dövründən tətbiq olunan selektiv yanaşmaların ciddi hüquq və qanun pozuntularına, rüşvət və digər neqativ hallara yol açdığı çoxlarına məlumdur. Eyni halların təkrarlanmaması üçün bu qəbildən olan yanaşmaları da özünü doğrultmayan digər “ənənələr” kimi uzaq keçmişdə saxlamaq lazımdır:
“Təsəvvür edin, hər il onlarla Azərbaycan gənci dünyanın ən nüfuzlu universitetlərinin bakalavr və magistr pillələrini bitirir və hamı kimi vətən qarşısındakı borclarını yerinə yetirirlər. Doğrudur, ölkəmizin silahlı qüvvələrində intellektual qabiliyyətli bölmələrin yaradılması belə gənclərin öz biliklərini qorumalarına və inkişaf etdirmələrinə imkan yaradır”.
Elçin Mirzəbəyli hesab edir ki, çağırışçılarla bağlı artıq mövcud olan və ölçülə bilən nəticələrə əsaslanan mexanizmlər idmançılara münasibətdə də tətbiq oluna bilər. Onun fikrincə, qiymətləndirmə subyektiv yanaşmalarla deyil, konkret nailiyyətlər üzərindən aparılmalıdır:
“Xatırladım ki, belə bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin, yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edirlər. Göründüyü kimi, nümunə gətirdiyim istiqamətdə birbaşa subyektiv qiymətləndirmə mümkün deyil. Çünki qərarlar ölçülə bilən nəticələrə söykənir. İdmançılara münasibətdə bu mexanizm necə tətbiq oluna bilər? Təbii ki, bu halda onların göstərdiyi yüksək nəticələr qiymətləndirmə üçün əsas meyar olmalıdır, federasiya rəhbərlərinin telefon zəngləri yox!”
Göründüyü kimi Silahlı Qüvvələrdə xidmətlə bağlı müəyyən mexanizmlər var və hüquqi baxımdan təkmilləşdirilə bilər. Amma idmançıların ali təhsil müəssilərində təhsil almalarına münasibətdə İdman Akademiyasının rektorunun müşaviri kimi Fərid Mansurovun yanaşmasını heç cür anlaya bilmirəm:
“Əgər ali təhsil idmançının karyerasına mane olursa, akademik məzuniyyət götürsün və karyerasını davam etdirsin. Ya da getsin İdman Akademiyasında oxusun. İndiki halda belə anlaşılır ki, bu və ya digər şəxsin idmançı olduğunu görə, dərslərə gəlməməsinə göz yumulmalı, qiymətləri yazılmalı və tədris prosesinin sonunda da ona “diplom” hədiyyə edilməlidir. Bu halda isə o “diplomlu idmançı” olacaq, mütəxəssis olmayacaq” – deputat sonda vurğulayıb.