
Venesuela prezidenti Nikolas Maduronun 2 qohumu Amerika tərəfinin müraciətindən sonra Haitidə həbs olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbs olunan Efraina Antonio Kampo Flores və Fransisko Flores-de-Freytasa Maduronun xanımının qardaşı uşaqlarıdır. Onlar ABŞ-a 800 kiloqram kokain keçirməyi planlaşdırıblar.
“New York Times” qəzetinin məlumatına görə, həbs olunanlar artıq Haitidən ABŞ-a ekstradisiya olunublar və bu gün Nyu-York federal dairə məhkəməsində hakim qarşısına çıxarılacaqlar.
Bu ilin oktyabrında Hondurasda Amerikaya işləyən narkotik polisi ilə əlaqə quran Kampo Flores Roatan hava limanı vasitəsilə ABŞ-a 800 kiloqram narkotik maddə ötürməyi planlaşdırıb.
Doğma bibisi və Nikolas Maduronun həyat yoldaşı Siliya Flores tərəfindən böyüdülən 29 yaşlı Kampo Flores Venesuela prezidentinin oğulluğu sayılır.
Siliya Flores 2013-cü ilin iyulunda Nikolas Maduro ilə ailə həyatı qurub.
Vüqar İsmayılov