Modern.az

Azərbaycandakı xərçəngli uşaqlar...

Azərbaycandakı xərçəngli uşaqlar...

Təhsil

12 Fevral 2016, 17:41


Hər il 15 fevral dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Uşaq Xərçəng Xəstəliyi dedikdə, adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, uşaqlar arasında ən çox rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir.

Ümumiyyətlə, leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr var ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır.

Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslamış, yüksək texnologiyalı keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, kompleks mülicənin bütün növləri mükəmməliklə icra edilir, o cümlədən, kimya terapiyası, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır.

Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.

2015-ci ilin dekabr ayında Uşaq Onkoloji Klinikasının bazasında "Uşaq Xərçəng Xəstəliklərinin Milli Alt-Registri" də təsis edilib.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?