
Azərbaycan Miqrasiya Mərkəzinin sabiq sədri, Almaniyada yaşayan Əlövsət Əliyev hazırkı fəaliyyəti ilə bağlı Modern.az saytının suallarını cavablandırıb. O, hazırda əvvəlki işini davam etdirdiyini deyib:
“Gəldiyim vaxtdan burada fəaliyyətə başlamışam, miqrasiya ilə bağlı hesabatlar hazırlayıram. Burada miqrasiya sahəsində fəaliyyət göstərən firma təsis etmişəm və qeydiyyatdan keçirmişəm”.
Ə.Əliyev həmçinin, azərbaycanlıların təşkilatlanması sahəsində fəaliyyət göstərdiyini də qeyd edib:
“Novruz bayramını burada, həmvətənlərimizlə birlikdə qeyd edəcəyik. Tədbirdə 700 nəfərə yaxın soydaşımızla birlikdə olmağı planlaşdırırıq.
Təbii ki, 50 il yaşadığın və bütün həyatınla bağlı olduğun insanlardan ayrı olmaq, hər həftəsonu gəzməyə gedən və ya dostlarla, qohumlarla görüş keçirən, həddindən artıq aktiv həyat tərzinə malik birinin qəfildən bütün bunlara nöqtə qoyması çox çətindir. Amma bu, son deyil”.
Azərbaycana qayıtmaq məsələsinə gəldikdə isə o, barəsində qaldırılan əsassız və qanunsuz cinayət işinin olduğunu xatırladıb:
“Bir cinayətkarın təşəbbüsü ilə barəmdə cinayət işi açılıb. Utandıqlarından həmin işi İnterpola da təqdim edə bilmirlər ki, barəmdə beynəlxalq axtarış etsinlər.
Amma belə yaramaz adamların istənilən hakimiyyətdə ömrünün çox olacağına inanmıram. Onun indiki vəzifəsi imkan vermir ki, özünün törətdiyi cinayətlərə qiymət verilsin. Həmin cinayətlərə qiymət verilən zaman həqiqət ortaya çıxacaq və o zaman mənim ölkəyə qayıdışım mümkün olacaq”.
Sabiq sədr deyib ki, hələlik fəaliyyəti Avropa üçün nəzərdə tutulub və ailəsinin bütün üzvləri onunla birlikdədir:
“Hamısı mənimlədir, işləyirlər, dil kurslarını başa vurublar. İnteqrasiya proseslərimiz normal davam edir. Azərbaycandakı qohumlarımdan hələ ki məndən imtina edən olmayıb, dostlarımın arasında imtina edənlər olsa da..”.
Gülşən RAUFQIZI