Modern.az

"Azərbaycanda inkişaf üçün ciddi imkanlar var"

"Azərbaycanda inkişaf üçün ciddi imkanlar var"

9 Mart 2016, 00:56

 

Bakıda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçirilib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, iclasda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.

Kanadanın sabiq baş naziri Jan Kretyen çıxış edərək Şuranın yaranma tarixindən və məqsədindən danışıb.

O deyib ki, belə qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir. Plenar iclasda həmçinin Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan, Kolumbiya, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın sabiq dövlət və hökumət başçıları iclasa qatılıb. IV Qlobal Bakı Forumda iştirak edən Ukraynanın sabiq prezidenti Viktor Yuşenko isə bildirib ki, bu forum dünyada sülhün və sabitliyin təminatına öz töhfəsini verir. 

"Azərbaycan regionda lider dövlətdir. Ölkədə inkişaf üçün ciddi imkanlar və güclü potensial var. Bu əlverişli şərait belə nüfuzlu tədbirlərin keçirilməsi üçün imkanları yaradır", - deyə sabiq prezident  bildirib.

İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin də çıxışında iclasın tezliklə baş tutacaq IV Qlobal Bakı Forumu çərçivəsində keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin əsas müzakirə mövzusu olduğunu qeyd edib.

İrlandiyanın sabiq baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər. IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək. Forumda 8 ölkənin prezidenti iştirak edəcək. Bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya prezidenti George İvanov, Monteneqro prezidenti Filip Vuyanoviç, Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç daxildir.   

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib.

Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya, Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Herseqovina, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya, Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva, Makedoniya və digər ölkələrdən rəsmilər iki gün ərzində Bakıda birgə müzakirələr aparıb, bəyanatlar veriblər.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır