Modern.az

Deputat yeni qanun layihəsi hazırlayır

Deputat yeni qanun layihəsi hazırlayır

Təhsil

10 Mart 2016, 10:34

"Əvvəlcə siyasi məhbusun anlayışını versinlər, sonra biz də bu məsələdən danışaq"


Bir müddət öncə belə bir məlumat yayıldı ki, Azərbaycan parlamenti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməkdən imtinanı nəzərdə tutan qanunu müzakirəyə çıxaracaq. Lakin belə bir qanun layihəsinin hansı zərurətdən irəli gəlməsi, layihəni kimin hazırlaması barədə deputatların özləri də hər hansı açıqlama verə bilmədi. “Yeni Müsavat”ın apardığı araşdırmalar nəticəsində məlum oldu ki, sözügedən ideyanın müəllifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılovdur. Məsələnin maraqlı tərəfi budur ki, bu ideyanın müəllifi artıq Avropa Məhkəməsinin qərarlarından imtinanı nəzərdə tutan qanunun qəbul olunduğu Rusiya təcrübəsini də öyrənib. Üstəlik, bu mövzuda Rusiya Konstitusiya Məhkəməsinin sədri ilə polemikası da olub. R.Cəbrayılovla bu mövzuda söhbətimizi təqdim edirik:


- Rafael bəy, əldə etdiyimiz məlumata görə, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icradan imtinanı nəzərdə tutan qanun layihəsinin müəllifi sizsiniz, doğrudurmu?


- Belə bir layihə var və onu mən hazırlayıram. Konstitusiya qanunu şəklindədir. Burada söhbət Azərbaycanın milli mənafeyindən gedir. Bu, ölkəmizin bir az da beynəlxalq təşkilatlarda aşağılanmasına qarşıdır. Daha doğrusu, söhbət ikili standartların hüquqi müstəviyə gətirilməsindən gedir. Ancaq etiraf edim ki, hələ ortada layihə yoxdur, bu, yalnız fikir formasındadır. İnşallah, mən bunu 3-4 günə tam hazırlayacağam. Bu, həcmcə xırda bir qanundur. Ancaq konstitusiya qanununun xüsusi prosedur qaydası var, 95 səsçoxluğu ilə qəbul olunmalıdır.  Burada hüquqi qüvvəsinə görə digər qanunlardan üstün qanundan söhbət gedir. Təxminən bilinir ki, bu həftənin axırına komitənin iclasına çıxa bilər. Bir məsələni də deyim, komitədə müzakirə olunan hər bir məsələ yüzdə-yüz plenar iclasa tövsiyə olunmur ki...


- Bu layihənin gündəmə gəlməsi hansı zərurətdən yarandı? Xüsusilə də son zamanlar Avropa qurumları ilə mülayim münasibətlər müşahidə olunarkən nədən siz bu ideyanı reallaşdırmaq istədiniz?


- Azərbaycanla bağlı ikili standartların hüquq müstəvisinə çıxarılması, qərar, məhkəmə qətnaməsi şəklində ifadə olunması halları artıq çoxdur. Bu, təcrübədə də var. Qonşumuz Rusiya kimi nəhəng dövlət də belə edir. Çünki ona qarşı da belə  münasibət olur. Yəni belə bir hüquqi təcrübə var. Bu, Azərbaycan üçün yenilik deyil. Bilirsiniz ki, beynəlxalq qanunların bizim qanunlarla müqayisədə üstün hüququ var. Biz konvensiyalara daxil olaraq bunu sənədlərdə qəbul etmişik. Amma bunun bir naqis cəhəti var. Qanun dövlətin hüquqi-siyasi iradəsidir. Doğrusu, mən hansısa beynəlxalq müqavilənin bundan üstün olmasını qəbul etmirəm. Fikrimcə, burada hansısa bir hüquqi filtriin olmasının çox böyük əhəmiyyəti var. Mən hesab edirəm ki, beynəlxalq qurumun qəbul etdiyi qərarın Azərbaycanda icrasının mümkün olub-olmadığını araşdırmadan, hüquqi filtirdən keçirmədən onun icrasını təmin etmək düzgün deyil. Ən azından belə bir səlahiyyəti heç olmasa Konstitusiya Məhkəməsinə vermək lazımdır. Bir kollegial orqana vermək  lazımdır ki, ən azından bu beynəlxalq qurum hər hansı məhkəmə qərarının Azərbaycanda məqsədəuyğunluğu məsələsinə baxsın.


- Deməli, siz Avropa Məhkəməsinin qərarının icradan imtina olunmasını yox, sadəcə, qərarın icrasının məqsədəuyğun olub-olmamasına baxılmasını təklif edirsiniz?


- Əlbəttə. Qanunların tabelilik qaydasına nəzər yetirsək, konstitusiyadan və referendumda qəbul olunan aktlardan sonra beynəlxalq qanunlar gəlir. Açıq-aşkar yazırıq ki, beynəlxalq qanunlar da bizim istənilən qanunumuzla ziddiyyət təşkil etsə, beynəlxalq qanunun üstünlük hüququ var, o tətbiq olunacaq. Ona görə də beynəlxalq qurum götürüb bir qərarı qəbul edir, birbaşa onun tətbiqindən danışır ki, “gedin, icra edin”. Bu, Azərbaycan dövlətinə qarşı mövqedir. Dövlət xalqın hüquqi-siyasi təşkilatıdır, xalqın ortaya çıxartdığı bir hüquqi şəxsdir, özünün təmsilçiliyini ona verib. Yəni dövlətə bu cür xarici bir iradəni diktə etmək həm hüquqi baxımdan, həm də ən azından milli mənafelər baxımından düzgün deyil. Bu yanaşma “biz bunu icra etmirik» anlamına gəlmir. Beynəlxalq müqavilələrin ierarxik silsiləsində yerini dəyişməkdən söhbət getmir. Ən azından hakimiyyətin bir kollegial qolu olan məhkəmə hakimiyyətinə demək istəyir ki, bir baxın görün bunun mümkünlüyü məsələsi var, yoxsa yox. Söhbət sadəcə mübahisələndirməkdən gedir. Yoxsa biz onun qarşısını əsla kəsə bilmərik. Çünki beynəlxalq konvensiyalar, bütün dünyada qəbul olunmuş hüquqi qaydalar var.

 
- Rusiyadan başqa daha hansı ölkələrdə analoji qanunlar var?


- Belə nümunələr var. Məsələn, Baltikyanı ölkələrdə də var, mən onları ümumiləşdirmişəm, layihəni təqdim edəndə deyəcəyəm. Bir məsələni də deyim ki, inanın, mən hələ arqumentlərimi tam sistemə salmamışam. 


-  Azərbaycanla Qərb dövlətləri və institutları arasında “atəşkəs”in olduğu bir dönəmdə belə bir layihənin ortaya qoyulması Azərbaycana əlavə problemlər yaratmazmı?


- Düzü, bu mövzuda geniş danışmaq istəməzdim. Çünki heç mənim öz əlimdə belə bir layihə yoxdur. Yalnız beynimdə dolaşan fikirdir. Biz komitədə söhbət etmişik. Azərbaycanla bağlı bəzi mübahisəli qərarlar da olub. Sonra mən Rusiya Konstitusiya Məhkəməsinin sədri Zorkinlə (Valeriy Zorkin-E.P.) görüşdüm...
Yeri gəlmişkən, Zorkin yaxşı hüquqşünasdır, onun analitik, hüquqi düşüncəsi var, indi hər kəsdə analitik hüquqi düşüncə yoxdur, baxmayaraq ki, hərə bir  hüquqşünas diplomu alıb qoyub cibinə. Onunla görüşdə dedim ki, niyə belə qanun Azərbaycanda da olmasın? Biz əslində beynəlxalq müqavilələrin qarşısına baryer çəkmirik. Yalnız deyirik ki, Azərbaycan beynəlxalq hüquqi iradəni icra etməsin, onlar öz iradələrini diktə etməsin, bu ölkə də bir mübahisələndirə bilsin ki, qanunun bu hissəsinin icrası əsla mümkün deyil, bu hissə xalqın iradəsinə ziddir. Yəni bu, yalnız mənim fikrimdir. Bəlkə komitə layihəni geri qaytaracaq? Bu, bir səhifədən ibarət bir layihə olacaq. Ancaq hər şey yerində olacaq.
- Deməli, bu ideyanı Zorkinlə müzakirə etmisiniz...
- Bəli.
- Amma bugünlərdə Rusiya daha çox dünyanın gündəminə neqativlərlə gəlir. Rusiyanın Avropa Məhkəməsi ilə bağlı məsələlərdə Azərbaycanı da yanına çəkməsi, sizcə, bizə yaxşı nə vəd edir?


- Əsla elə deyil. Bu məsələ Rusiyada təzə deyil, 2015-ci ildən belə bir qərar var. Bilirsiniz, hər kəsin siyasi düşüncəsinin, siyasi əqidəsinin hansı istiqamətdə olmasından asılı olmayaraq, milli vətənpərvərlik, milli təəssübkeşlik hissi deyilən bir məsələ var ki, orda siyasi əqidənin, baxış rakursunun fərqli olmasına baxmayaraq, məncə, millətin bir nöqtəyə vurması vacibdir. Desəm ki, xarici qurumlar çox sərbəst, demokratik qurumlardır, səsvermə normal, şəffaf keçirilir, siz də bunu qəbul etməyəcəksiniz, deyəcəksiniz elə deyil. Avropa Şurası kimi 754 deputatı olan böyük bir qurumda kvorum yoxdur. 30-40 nəfər yığışır bir yerə, istənilən ölkə haqqında bir bəyanat qəbul edir, hətta onun icrasından danışılır. Düzdür, bunlar hüquqi icrası olan qərarlar deyil, mən misal kimi dedim. Yəni kvorum olmadan 30-40 nəfərin bir yerə yığılıb Azərbaycan haqqında söz azadlığı və demokratiyanın olmaması barədə, yaxud hər hansı hüquqi qərarı ortaya qoymasının özü normal bir şey deyil.
Ən azından 50+1 prinsipi olmalıdır. Söhbət bundan gedir. Mən əsla 30-40 deputatın bir araya gəlib bir bəyanat verməsini, öz siyasi baxışlarını, düşüncələrini ortaya qoymasının əleyhinə deyiləm. Edə bilər, amma onu bu qurumun adından etməsi əcaib bir şeydir. Ona görə də beynəlxalq qurumlar sərbəst deyil, onlar hansısa fövqəlgüclərin diktəsi altında işləyən orqanlardır, bu, heç kəsə sirr deyil. Əldə oyuncaq olan qurumun durub belə bir qərar qəbul etməsi, ondan sonra da tələb etməsi ki, “bunu icra edin”, vallah bu, bir azərbaycanlı olaraq mənim heysiyyətimə toxunur. Hətta Banqladeşin vətəndaşı olsa belə, onun milli heysiyyatına toxunacaq bir haldır. Amma yenə deyirəm, bu, mənim düşüncəmdir, rəsmi layihə yoxdur. Ancaq mən belə bir layihənin olmasını istəyirəm və bunu hazırlayıram. İnşallah, komitəyə təqdim edəcəyəm. Müzakirəsinin necə olacağını, parlamentə tövsiyə olunub-olunmayacağını isə bilmirəm. Bu, yalnız mənim fikrimdir. Bu gün beynəlxalq qurumlar sərbəst fəaliyyət göstərmək iqtidarında deyillər. Çünki supergüclərin təsiri, diktəsi altında fəaliyyət göstərirlər. Onların da supergüclərin təsiri altında Azərbaycanla bağlı subyektiv qərar qəbul etməsini şəxsən mən bir azərbaycanlı olaraq qəbul edə bilmirəm. Mən də hüquqşünas olaraq qanunların ierarxik sistemində beynəlxalq müqavilələrin və qanunların əsla yerini dəyişmək fikrində də deyiləm. Bu, hüquqşünasla bağlı çox gülünc və heyrət doğuran bir hal olar. Mən, sadəcə olaraq, beynəlxalq müqavilələrin kor-koranə, heç bir hüquqi filtirdən keçmədən Azərbaycanda icrasının əleyhinəyəm. Subyektiv xarakter daşıyan bu müqavilələr bəzən açıq-aşkar dövlət mənafeyinin, Azərbaycan xalqının milli iradəsinin əleyhinə gedir. Mən, sadəcə olaraq, bunun bu şəkildə olmasını istəmirəm. 


- Bu ərəfədə ermənilər Avropa İnsan Haqları Məhkəməsində zabitimiz Ramil Səfərovla bağlı cəfəng iddia qaldırıb. Hesab etmək olarmı ki, sizin ideyanın ortaya çıxması həm də bununla bağlıdır? Yoxsa burada siyasi məhbuslarla bağlı Avropa Məhkəməsinin çıxardığı qətnamələrin rolu olub? 


 - Yox, siyasi məhbusun bura heç bir aidiyyəti yoxdur. Biz daha qlobal məsələlərdən, dövlət mənafeyindən, milli iradədən danışırıq. Beynəlxalq hüquqda bu da artıq 2+2 kimi bəsit bir fikirdir. Buyursunlar, əvvəlcə siyasi məhbusun anlayışını versinlər, sonra biz də bu məsələdən danışaq... Desəm ki, bu məsələ Ramil Səfərovla bağlıdır, öz düşüncəmi belə dar bir çərçivəyə salacağam. Söhbət Ramil Səfərovdan, yaxud Azərbaycanın belə vətənpərvər oğlanlarından, onları beynəlxalq məhkəmələrin, beynəlxalq qurumların, supergüclərin hücumlarından qorumaqdan getmir. Mən Azərbaycanın milli dövlət maraqlarından, Azərbaycan dövlətinə qarşı ikili standartların bax, bu cür açıq-aşkar tətbiqinin qarşısını almaqdan danışıram. Yəni mən daha qlobal məsələdən bəhs edirəm.


- Bu məsələ ilə bağlı parlament sədri ilə söhbət edibsinizmi?


- İnanın ki, belə bir söhbət olmayıb. Mən indiyə qədər komitəyə  nə qədər qərarlar çıxartmışam, bir qismi də keçməyib. Məsələn, mən 2007-ci ildə komitəyə layihə təqdim etdim ki, avtoxuliqanlıq cinayətdir. Təəssüf ki, bu, keçmədi. Bəlkə bu layihəm də keçməyəcək...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır