Ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olunmaq istəyən abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənnindən test imtahanında iştirak etmək üçün aparılan qeydiyyat martın 31-də saat 23.59-da başa çatır. Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən xəbər verir ki, həmin imtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılır.
Belə ki, rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifrə əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq.
TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac qalmayacaq. Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün birinci Azərbaycan dili imtahanı mayın 1-də, ikinci Azərbaycan dili imtahanı isə iyulun 12-də keçiriləcək.
Modern.az