Modern.az

Yaşayış yerindən çıxarılan köçkün “Dövlətqaçqınkom”dan imdad dilədi

Yaşayış yerindən çıxarılan köçkün “Dövlətqaçqınkom”dan imdad dilədi

Təhsil

30 Mart 2016, 15:28

Kəlbəcər rayonundan olan məcburi köçkün Ələkbər Ələsgərovun Yevlax rayonu ərazisindəki yaşadığı yerdən çıxarılması ilə bağlı redaksiyamıza ünvanladığı müraciəti diqqətinizə çatdırmışdıq. Ə.Ələkbərovun tək istəyi “Dövlətqaçqınkom”  tərəfindən mənzillə təmin olunana qədər ərazidə yaşamalarına icazə verilməsidir.

Məsələ ilə bağlı Yevlax Rayon Məhkəmə İcra Şöbəsinin rəsmisi Elşad Cabbarov Modern.az saytına bunun mümkünsüz olduğunu deyib:

“Ələsgər Ələkbərov Yevlax Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib, daha sonra Ali Məhkəməyə müraciət edib. Bütün instansiyalardan keçdikdən sonra iş İcra Şöbəsinin icraatına verilib. Qərarda isə mənzildən çıxarılmadan söhbət belə, getmir.

Təbii ki, ehtiyac olduğu zaman möhlət hüququnun verilməsi nəzərdə tutulub. Amma burada evdən çıxarılma deyil, torpaq sahəsindən çıxarılma məsələsidir. Ələkbərovun qonşusu Ağca Rəhimova ilə arasında narazılıq yaranıb. Problem öz həllini məhkəmədə tapıb. Hər bir halda məhkəmə qərarı icra olunmalıdır”.

İcra rəsmisi deyib ki, ərazi köhnə icra nümayəndəliyinin binası olub:

“Binanın həyəti Ağca Rəhimovanın mülkiyyətindədir. Məhkəmə qərarına görə Ələsgər Ələkbərov həmin torpaq sahəsindən çıxmalıdır”.

Ələsgər Ələkbərovun oğlu Habil Ələsgərov Modern.az saytına açıqlamasında aidiyyatı qurumlardan kömək istəyib:

“Mən ərazidən çıxmıram demirəm. Sadəcə “Dövlətqaçqınkom” tərəfindən bizə ev verilsin. Ev verilənə qədər də möhlət verilsin ki, burada yaşayaq. Onlar torpağı Ağca Rəhimovaya verdikdən sonra bizi bu evdən çıxarmasalar belə, biz çıxmaq məcburiyyətində qalacağıq. Çünki, bizim evin qapısı həmin torpaq sahəsinə açılır. Evin giriş-çıxışı olmayandan sonra mən orda necə yaşaya bilərəm axı?

Xahiş edirəm, aidiyyatı qurumlar, “Dövlətqaçqınkom”, cənab Prezident İlham Əliyev bizə köməklik etsinlər. Axı Nazirlər Kabinetinin və Prezidentin sərəncamlarına əsasən, məcburi köçkünlər, yaşayış yeri ilə təmin olunana qədər məskunlaşdığı yerdən çıxarıla bilməz. Axı qanunları niyə heçə sayırlar?!”.

Ələsgərovlar ailəsi 1993-cü ildə hökumət nümayəndələrinin iştirakı ilə Yevlax rayonunun Tanrıqulular kəndində köhnə idarə binasına yerləşdirilib. Ailə böyük çətinliklə özlərinə yaşayış yeri təmin etdikdən sonra 2014-cü ildə ərazinin başqasına satıldığını bildirən məhkəmə qərarı çıxarıldığını öyrəniblər.

Şəhid ailəsi, özünün və yoldaşının əlil olmasına baxmayaraq, məhkəmə Ələsgərovların əleyhinə qərar verib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və Yevlax rayon Məhkəməsinə rəsmi məktubla müraciət edərək bu qərarın Prezidentin və Nazirlər Kabinetinin göstəriş və sərəncamlarına uyğun olmadığını bildirsələr də, müraciətləri cavabsız qalıb.

Qeyd edək ki, martın 31-i ərazidən çıxmaq üçün onlara verilən son tarixdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması haqqında” qaydanın 4-cü maddəsində “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezidentin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1998-ci illərdə məcburi köçkünlərin yaşadıqları mənzildən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərlə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılıb.





Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?