
Azərbaycanda 1992-ci illə müqayisədə uşaq ölümlərinin sayı 3 dəfəyədək azalıb. Modern.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatrı Nəsib Quliyev deyib.
“1992-1993-cü illərdə Azərbaycanda hər 1000 diri doğulan körpədən 29,5-30 nəfəri 1 yaşına çatanadək ölürdü. "Amma bu gün Azərbaycanda körpə ölümü göstəricisi 10,2 promilleyə bərabərdir”.Baş pediatr həmçinin bir qrup beynəlxalq təşkilatlar tərəfindən əhali arasında sorğu keçirməklə uşaq ölümü ilə bağlı fikir yürüdülməsi məsələsinə də toxunub.
“Bu da təbii ki, qərəzli mövqedir. Bəzən dərinə gedəndə həmin təşkilatların siyasi məqsədlərinin olduğu üzə çıxır. Ona görə də biz həmin fikirləri heç vaxt qəbul etmirik.
Misal olaraq, Azərbaycanda həm Səhiyyə Nazirliyinin, həm də Dövlət Statistika Komitəsinin konkret rəqəmləri var. 2014-cü ilin yekunlarına görə, 1693 uşaq tələf olub. Azərbaycanda uşaq ölümünün sayı artmış olsaydı, bunu hər kəsdən əvvəl biz hiss edərdik. Düşünmək lazımdır ki, dünyaya gələnlərdən çoxu tələf olsaydı, əhalimizin sayı necə arta bilərdi?!"
Baş pediatr bildirib ki, bu gün ölkə səhiyyəsi tarixində ilk dəfə olaraq, Azərbaycan dövləti qızılca və məxmərək xəstəliklərinin qarşısının alınmasına görə Avropanın 53 ölkəsi arasında onuncu yeri tutub.
“Bu Azərbaycan səhiyyəsi üçün mühüm hadisədir. Azərbaycandan başqa 20 ölkə ya qızılcanın, ya da məxmərəyin elminasiyasına, yəni ləğvinə nail olub. Amma Azərbaycan bunların hər ikisinə nail olub”.
Aytən ZƏHRA