
63 saylı marşrut üzrə hərəkət edən avtobus ləğv olunur. Bu haqda Modern.az saytına Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, marşrut xətlərində sürücülər tərəfindən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə əlaqədar, mütəmadi olaraq marşrut xətlərinin müvəqqəti istifadəçilərinə xəbərdarlıqlar edilməsinə baxmayaraq qayda pozuntuları hələ də təkrarlanır.
“Son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurmuş və nəticədə 1 piyada vəfat edib.
Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 01 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq”.
Həmçinin qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib:
“Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti 01 aprel 2016-cı il tarixindən etibarən “Şəhidlər Xiyabanı” – Badamdar şossesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək”.
Gülşən RAUFQIZI