Ötən gün Türkiyənin Diyarbəkir əyalətində polis maşınına edilən bombalı hücumu PKK öz üzərinə götürüb. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, bununla bağlı PKK terror təşkilatı açıqlama verib.
Açıqlamada bildirilir ki, 31 mart saat 17:00 da Bağcılar məhəlləsində içərisində xüsusi təyinatlı polislərin də olduğu avtomobil karvanına terror aktı törədilib.
Türkiyənin inkişaf naziri Cevdet Yılmaz Diyarbəkirin Bağcılar qəsəbəsində baş verən partlayışla bağlı açıqlama verib.
Nazir terror aktı nəticəsində ölənlərin sayının artdığını bildirib: "Partlayış nəticəsində 7 polis şəhid olub. Biri ağır olmaqla 13 polis yaralıdır. Bundan başqa 14 dinc sakin partlayış zamanı xəsarət alıb".
Uzun müddətdir ki, Türkiyənin Diyabəkir və Şırnak əyalətlərində antiterror əməliyyatı keçirilir. Hər iki vilayətin şəhərlərində komendant saatı elan edilib.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün açıqlama verərək antiterror əməliyyatları nəticəsində ötən ilin iyul ayından başlayan əməliyyatlarda 300-dən artıq şəhid verildiyini, minlərlə terrorçunun zərəsizləşdirildiyini demişdi.
Modern.az