Modern.az

ABŞ-Azərbaycan əməkdaşlığı üçün yeni təşəbbüs

Dünya

21 Mart 2022, 12:17

Elman Babayev


Amerika Prezidentinin məktubu ölkəmizə verilən dəyəri, həyata keçirdiyi siyasətə dəstəyi ifadə edir
 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alan mesajlar iki ölkə arasında yaxın gələcəkdə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini proqnoz etməyə əsas verir. Məktub ABŞ-ın Azərbaycana böyük dəyər verməsinin, ölkəmizin həyata keçirdiyi siyasətə dəstəyinin ifadəsidir.
 

Prezident Co Bayden təbrik məktubunda Azərbaycanla işləməyə davam edəcəklərini bəyan edib: “Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.
 

ABŞ Prezidentinin məktubu 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıq fonunda xüsusilə diqqəti cəlb edir. Bəllidir ki, bu reallığın müəllifi Azərbaycandır və dünyanın aparıcı dövlətlərinin, qurumlarının bu reallığa münasibəti maraq doğurmaya bilməz. Vətən müharibəsindən ötən ilyarımlıq zaman kəsiyində Azərbaycan öz Qələbəsini rəsmiləşdirmək üçün uğurlu siyasət gerşəkləşdirib. Müharibənin nəticələri aparıcı dövlətlər, nüfuzlu qurumlar tərəfindən qəbul olunub. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyib. Bu xüsusda NATO və Avropa İttifaqının da mövqeyi ayrıca vurğulanmalıdır. Öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edən NATO ötən ilin dekabr ayında qəbul etdiyi sənəddə bir daha ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bəyan etdi. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə də ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəkləndi. Bütün bunlar dünyanın İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etməsidir.
 


Dövlət başçısı Co Baydenin məktubunda regional barışığın təşviqi barədə məqam ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyi özündə ehtiva edir. Bu isə super güc olan ABŞ-ın da müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul etməsi deməkdir. Bunun olduqca böyük əhəmiyyəti var və İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsi fonunda yürüdülən uğurlu xarici siyasətin nəticələri göz önündədir. Müharibədən sonra yaranmış reallığın ABŞ başda olmaqla, bütün dünya tərəfindən qəbul edilməsi siyasi baxımdan çox önəmli hadisədir.
 

Bütövlükdə 30 illiyi tamam olan müstəqilliyimiz dönəmində ABŞ-la Azərbaycan arasında əlaqələr müsbət məcrada davam edib. Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstək ABŞ tərəfindən yüksək dəyərləndirilib. Təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylər də ötən zaman kəsiyində əməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb.
 

Prezident Co Baydenin məktubunda təkcə ABŞ-ın Azərbaycan hakimiyyəti ilə qarşıdan gələn dövrdə də ənənəvi sahələr üzrə sıx əməkdaşlıq etmək istəyi yer almayıb, həm də əməkdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsinə yönəlmiş təşəbbüs irəli sürülüb, xoş niyyət ortaya qoyulub.
 

ABŞ Azərbaycanın bölgədə artan önəmini yaxşı anlayır. Son vaxtlar yaşanan prosesləri, Rusiya-Ukrayna münaqişənin doğurduğu reallıqları yaxından izləyən ABŞ-ın bölgədə nüfuzu daha da artan ölkəmizlə təhlükəsizlik məsələlərinin həllində ortaq maraqları var. ABŞ-ın rəhbəri Co Baydenin məktubu bu məsələlərin birgə həllində Amerikanın siyasi iradəsinin nümayişi deməkdir.
 

Bu gün Azərbaycan təkcə Avropanın enerji şaxələndirilməsinə verdiyi xüsusi töhfə ilə diqqəti cəlb etmir. Azərbaycan beynəlxalq miqyasda güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən ölkəyə çevrilib. Nəticədə dünya ölkələri çəkisi və rolu əhəmiyyətli dərəcədə artan, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi, həmçinin mühüm qurumlara sədrlik edən, qlobal iqtisadi və humanitar layihələrin müəllifi və icraçısı olan, bütün sahələrdə sürətli tərəqqiyə imza atan, öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan cıxa bilən, Qarabağ münaqişəsini öz imkanları hesabına çözüb tarixi ədalət, beynəlxalq hüququ bərpa edən Azərbaycanla əməkdaşlığı yeni müstəvidə davam etdirməkdə maraqlıdır.
 

Bunu görmək üçün son bir neçə ayda təkcə ABŞ Prezidentinin deyil digər dünya liderləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktublara, edilən telefon zənglərinə diqqət yetirmək kifayətdir. Bütün bunlar ölkəmizin və onun Liderinin dünyada böyük nüfuzundan, Prezidentin gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada yüksək qiymətləndirilməsindən irəli gəlir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı