Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dəfnində Fransanın keçmiş prezidenti Nikola Sarkozi, İtaliyanın keçmiş baş naziri Matteo Renzi, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey və digər rəsmilər iştirak edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
“Dəfn mərasimində ABŞ-ın vitse-prezidenti Kamilla Harris, Qətər əmiri Təmim bin Həməd Al Tani, Şri-Lanka prezidenti Ranil Vikramasinqhe, Koreya Respublikasının baş naziri Han Deok Su da iştirak edəcək. Fransanın eks-prezidenti Nikola Sarkozi, Almaniyanın eks-prezidenti Kristian Vulf, İtaliyanın keçmiş baş naziri Matteo Renzi, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey də mərasimə gələcək”, - Matsuno bildirib.
Keçmiş baş nazir Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasimi ölkə daxilində mübahisələrə səbəb olur. Bu günə kimi dörd müxalifət partiyasının - Konstitusiya Demokratik Partiyası, Kommunist Partiyası, Reiva Partiyası və Sosialist Partiyası - mərasimdə iştirak etməyəcəyi rəsmən elan olunub.
Şinzo Abe bu il iyulun 8-də Nara prefekturasında seçki kampaniyası zamanı mitinqdə çıxış edərkən öldürülüb. Onun qatili 41 yaşlı Tetsuya Yamaqami odlu silahla Abeni arxadan iki dəfə vurub. İkinci güllədə siyasətçi boyun və sinə nahiyəsindən yaralanıb və hadisə ölümlə nəticələnib.
Dəfn və kremasiya iyulun 12-də baş tutub.
Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasimi sentyabrın 27-nə təyin edilib. Bu qərarın parlamentin iştirakı olmadan hökumətin iclasında qəbul edilməsinə görə cəmiyyətdə qarışıq reaksiya yaranıb. Dəfn mərasimində xarici nümayəndə heyətləri, eləcə də Yaponiyanın regional və mərkəzi orqanlarından 6 minə yaxın insanın iştirakı gözlənilir.