Qırğızıstanın hakimiyyət orqanları Tacikistanla sərhəddəki münaqişə zonasından 136 mindən çox insanı təxliyə edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkə hökuməti nəzdində fəaliyyət göstərən media qərargahının məlumatına görə, hazırda Tacikistanla sərhəddə yerləşən Oş və Batken rayonlarından 136 min 770 nəfər təhlükəsiz zonalara təxliyə edilib. Həmçinin Batken rayonuna 106,6 ton humanitar yardım çatdırılıb.
Xatırladaq ki, sentyabrın 14-dən başlayaraq Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla toqquşmalar qeydə alınıb. Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, toqquşmalar nəticəsində 24 nəfər həlak olub, yaralananların sayı isə 121 nəfərə çatıb. Sentyabrın 16-da yerli vaxtla saat 16:00-dan etibarən tərəflər atəşkəs barədə razılığa gəlib, lakin atışmanın bundan sonra da davam etdiyinə dair xəbərlər yayılıb.
Tərəflər hazırda sərhəddə vəziyyətin sabitləşməyə başladığını bildiriblər.