Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Krım körpüsündə törədilən partlayışın ölkənin nüvə doktrinasına aid olub-olmaması barədə suala cavab verməkdən yayınıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Ria Novosti" agentliyi məlumat yayıb.
O, jurnalistlərə açıqlamasında “sualın tamamilə yanlış formalaşdırıldığını” bildirib.
Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur.
Rusiya Prezidenti Vladimir Putin körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib.
"Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və icra edilib”, - o deyib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Putinin ittihamlarına cavab verib. O, dünyada yalnız bir terror dövlətinin olduğunu vurğulayıb: "Putin Ukraynanı terrorizmdə ittiham edir? Bu dünyada yalnız bir terrorçu dövlət var və bütün dünya onun kim olduğunu bilir”.
Xatırladaq ki, ötən ay Putin ölkənin ərazi bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün vasitələrdən istifadə ediləcəyini elan edib. Rəsmi Moskva 2014-cü ildə ilhaq etdiyi Krımı öz ərazisi kimi tanıyır.
ABŞ Prezidenti Co Bayden bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putini yaxşı tanıyır. Baydenin fikrincə, Putin taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir. Digər Qərb ölkələrinin liderləri də Putinin nüvə silahı ilə bağlı təhdidlərindən narahat olduqlarını bildiriblər.
Akif İsmayılov