Oktyabrın 10-da Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində azı 10 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Milli Polisin mətbuat katibi Maryana Reva açıqlayıb.
“Əgər söhbət bütün Ukraynadan gedirsə, Kiyevdən başqa, daha 14 regionda da hücumlar qeydə alınıb. 10 ölü və 60 yaralı Rusiyanın raket zərbələrinin nəticəsidir”, - deyə Reva bildirib.
Mətbuat katibinin sözlərinə görə, polis əməkdaşları insanlara kömək etmək və Rusiya Federasiyasının hərbi cinayətlərinin bütün nəticələrini qeydə almaq üçün yerlərdə işləyirlər. Hüquq-mühafizə orqanları insanların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək üçün hər şeyi edirlər.
"Eyni zamanda, biz bütün vətəndaşlara müraciət edirik: hava hücumu siqnallarına laqeyd yanaşmayın. Bu səhər intizama riayət etməyin nə qədər vacib olduğunu, hökumətin verdiyi bütün tövsiyələrin vacibliyini göstərdi. Ona görə də ilk hava hücumu siqnalında siz bunu etməlisiniz. Sığınacağa enin, çünki bu, sizin həyat və sağlamlıq məsələnizdir”, - deyə Reva əlavə edib.