Qazaxıstanda “Qazax anaları - ənənə yolu” ictimai birliyi Saltanat Tursınbekovanı ölkə prezidentliyinə namizəd kimi irəli sürüb.
Modern.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, oktyabrın 11-də Astanada “Qazax anaları - ənənə yolu” ictimai birliyinin ümumi yığıncağının iclası keçirilib və prezidentliyə namizədin irəli sürülməsi məsələsinə baxılıb.
“Ümumi yığıncağın iştirakçıları Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində tanınmış ictimai xadim, hüquq müdafiəçisi Saltanat Tursınbekovanın namizədliyini irəli sürüblər.
Saltanat Tursınbekova ana və uşaqların qorunmasında, ailə institutunun möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində fəal iştirak edir ki, bu da birliyin əsas prioritetlərindən biridir", - məlumatda deyilir.
Saltanat Tursınbekova müxtəlif illərdə dövlət strukturlarında, Ali Məhkəmədə çalışıb, Astana şəhəri ictimai şurasının fəal üzvü olub, həmçinin “Məişət zorakılığı olmayan Qazaxıstan” layihəsinin rəhbəridir.
Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Kasım-Jomart Tokayev ölkə başçısı postuna əsas namizəddir.