Modern.az

Qazaxıstanda 12 nəfər prezidentliyə namizəddir - ADLAR

Qazaxıstanda 12 nəfər prezidentliyə namizəddir - ADLAR

15 Oktyabr 2022, 13:58

Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatıb.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası qeydiyyatdan keçmiş prezidentliyə namizədlərin sayını elan edib. Bildirilib ki, 12 nəfər - 3 qadın və 9 kişinin namizədliyi irəli sürülüb. Hazırda MSK namizədlərin sənədlərini araşdırır.

Bakyt Janabayev prezidentliyə namizəd kimi "Qazaxıstan Futbol Azarkeşləri Liqası" ictimai birliyi tərəfindən irəli sürülüb. Onun 46 yaşı var.

Qeydiyyatdan keçməmiş “İntımaq” partiyasının lideri Meyram Kacıken sentyabrın 28-də “Amanat” Qazaxıstan Həmkarlar İttifaqları Birliyi mərkəzi icraiyyə komitəsinin iclasında prezidentliyə namizəd kimi irəli sürülüb. Kacıkenin 61 yaşı var.

68 yaşlı Jiquli Dayrabayevin namizədliyi “Avıl” partiyasından irəli sürülüb. O, Qazaxıstan Fermerlər Assosiasiyasının sədridir.


Keçmiş deputat Nurjan Altayev də namizəd kimi sənədlərini MSK-ya təqdim edib. Nurjan Altaevin 44 yaşı var.

48 yaşlı Karakat Abden qarşıdan gələn seçkilərdə ilk qadın namizəd olub. O, Milli Peşəkar Sosial İşçilər Alyansından namizədliyini irəli sürüb.

69 yaşlı hazırkı prezident Qasım-Jomart Tokayev siyasi partiyaların və ictimai birliklərin xalq koalisiyası tərəfindən namizəd kimi irəli sürülüb.

Digər qadın Saltanat Tursınbekova isə “Qazax anaları – ənənəvi yol” Respublika ictimai birliyindən prezidentliyə namizəd kimi irəli sürülüb.

“Praktiki psixologiya” Respublika ictimai birliyi Fatimə Bizakovanın namizədliyini irəli sürüb. Oktyabrın 11-də müvafiq sənədlər MSK-ya təqdim edilib.

Talqat Yerqaliyevin namizədliyi “Qazaxıstan İnşaatçılar İttifaqı” Respublika Hüquqi Şəxslər Assosiasiyasından irəli sürülüb. Hələlik Talqat Yerqaliev qazax dilini bilmək üçün imtahan vermə prosedurundan keçməyib.

Jumatay Əliyevin prezidentliyə namizədliyi “Xalq demoqrafiyası” ictimai birliyi tərəfindən irəli sürülüb. Jumatay Əliyevin 70 yaşı var. Əvvəllər o, parlamentin deputatı olub.


65 yaşlı Nurlan Auesbayevin namizədliyi müxalif Milli Sosial Demokrat Partiyası (MSDP) tərəfindən irəli sürülüb.


72 yaşlı Xeyrulla Qabcəlilov də növbədənkənar prezident seçkilərində namizəd kimi qeydə alınması üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Onun namizədliyi “Asar” Assosiasiyası tərəfindən irəli sürülüb.

Prezidentliyə namizədi rayonların, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın ən azı üçdə ikisini bərabər şəkildə təmsil edən seçicilərin ümumi sayının azı bir faizi dəstəkləməlidir.


2022-ci il iyulun 1-nə respublika seçicilərinin ümumi sayı 11 milyon 827 min 277 nəfərdir. Deməli,  prezidentliyə namizədi ən azı 118 273 seçici dəstəkləməlidir.
 

Oktyabrın 21-i saat 18:00-dan etibarən noyabrın 19-u saat 00:00-dək davam edən seçkiqabağı təşviqat kampaniyası başlayacaq. 19 noyabr sükut günüdür.
 

Qazaxıstanlıların hamının əleyhinə səs vermək imkanı olacaq.
 

Ölkədə növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-nə təyin edilib. Yeni qanunvericiliyə görə, prezident cəmi bir dəfə yeddi il müddətinə seçilir. Yenidən namizəd olması qadağandır.
 

Noyabrın 20-də səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. İnzibati ərazi vahidləri üzrə səslərin hesablanmasının nəticələri iki gün müddətində, yəni noyabrın 22-dək ərazi seçki komissiyaları tərəfindən müəyyən edilib MSK-ya çatdırılacaq.
 

MSK nəticələri 7 gündən çox olmayan vaxtda elan edəcək.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI