Britaniya hökumətinin xanım rəhbəri istefa vermək niyyətində deyil.
Modern.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Liz Trass istefaya getmək çağırışları fonunda vəzifəsini tərk etməyəcəyini bildirib.
"Qalıram, çünki bu ölkəyə işləmək üçün seçilmişəm və bunu etmək niyyətindəyəm. Növbəti ümumi seçkilərdə Mühafizəkarlar Partiyasına rəhbərlik edəcəyəm. Hazırda çox çətin dövrlərdən keçirik. Etməli olduğumuz şeyi etmək əvəzinə, danışmağa vaxt itirməyin. Bu mənim həmkarlarıma mesajımdır",- deyə Trass BBC-yə müsahibəsində bildirib.
Britaniyanın baş naziri əlavə edib ki, o, edilən səhvlərə görə məsuliyyəti qəbul edir və üzr istəyir.
"Mən insanlara yüksək vergilər problemi ilə, enerji ödənişləri ilə məşğul olmaqda kömək etmək istədim, lakin biz çox uzağa getdik və çox sürətlə getdik, mən bunu anladım", - Trass deyib.
Onun başçılıq etdiyi Britaniya hökuməti iqtisadiyyatı dəstəkləmək üçün yeni planla bağlı tənqidlərlə üzləşib. Plan parlamentə keçmiş maliyyə naziri Kvazi Kvartenq tərəfindən təqdim edilib və böyük vergi endirimini nəzərdə tutur. Onun elanından sonra Böyük Britaniyanın beşillik dövlət istiqrazlarının gəlirliliyi 2008-ci ildən bəri ən yüksək həddə - 4,6%-ə yüksəlib ki, bu da borc qiymətli kağızlarına tələbin azalması deməkdir. Bununla əlaqədar olaraq funt sterlinq kəskin ucuzlaşıb və ticarətin gedişində bir funt üçün 1,054 dollarla tarixi minimuma düşüb.
Keçən cümə günü maliyyə bazarlarındakı vəziyyətə görə Liz Trass, sələfi Boris Consonun hökuməti dövründə təklif edilən və daha əvvəl özü tərəfindən ləğv edilən korporativ gəlir vergisinin 19%-dən 25%-ə qədər artırılmasını elan edib. Planlaşdırılan artımın ləğvi iqtisadiyyatı dəstəkləmək üçün planın tədbirlərindən biri idi və daha çox biznesin Böyük Britaniya iqtisadiyyatına sərmayə qoyacağını güman edirdi. Cümə günü qalmaqallı Kvartenq planının müəllifi istefa verib, yerinə Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant gətirilib.