Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının rusiyalı oliqarxlara, şirkətlərə və müəssisələrə qarşı sanksiyalarını təsdiqləyib.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə fərmanlar Prezidentin internet saytında dərc olunub.
Sanksiyalar siyahısına 2251 nəfər daxil edilib. Onların arasında Ukrayna, Rusiya, Suriya, Almaniya və Fransa vətəndaşları da var.
Belə ki, siyahıda Rusiya Dövlət Dumasının VI çağırış (2011-2016) deputatı Alina Kabayeva, rusiyalı teleaparıcı Tina Kandelaki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr, Serqey Peqov, Qod Nisanov və başqalarınına adları yer alıb.
Hüquqi şəxslərin siyahısına 1374 ad daxildir. Sanksiya tətbiq edilənin siyahısına Rusiya Birbaşa İnvestisiya Fondu və Müdafiə Sənayesi Müəssisələrinin Təşviqi və İnkişafı Fondu da salınıb.
Digər fərmanın əhatə etdiyi şəxslərin siyahısına 256 nəfər salınıb. Onların arasında rusiyalı oliqarxlar Arkadi Rotenberq və Roman Abramoviç də var.
Fərmanlar dərc edildiyi gündən qüvvəyə minir.