Britaniya Avropa İttifaqının analoji qərarından sonra İranın pilotsuz uçan aparatları istehsal edən “Shahed Aviation Industries” şirkətinə, eləcə də İranın bir sıra yüksək rütbəli hərbi rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısında bildirilib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bagiriyə qarşı Böyük Britaniyaya giriş qadağası və aşkar edilən aktivlərin dondurulmasını əhatə edən məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Həmçinin, müdafiə naziri, briqada generalı Seyid Höcətullah Qureşi və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığının pilotsuz uçuş aparatlarının əməliyyatlarına cavabdeh olan rəhbəri, briqada generalı Səid Ağacani də sanksiyalar siyahısına salınıb.
Xatırladaq ki, İran Rusiyaya Ukraynada müharibə aparmağa kömək üçün pilotsuz uçuş aparatları satmaqda ittiham olunur.