ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı nəvəsi Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun üzvü olub və şimal-şərq cəbhəsində Rusiyaya qarşı döyüşlərdə iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə mərhum prezidentin qardaşı nəvəsi Konor Kennedi özünün İnstaqram səhifəsində məlumat paylaşıb.
Konor Rusiyanın Ukraynaya hücumunun ilk günlərində Beynəlxalq Legiona könüllü olaraq qoşulduğunu, qohumları, dostları narahat olmasın deyə, döyüşə getdiyini onlardan gizlətdiyini bildirib.
Kennedi döyüş təcrübəsi olmamasına baxmayaraq, müharibəyə tez adaptasiya olduğunu söyləyib:
"Ukraynada qalma müddətim qısa oldu, amma çox şey gördüm və çox şey hiss etdim. Hərbçi olmaq məni sevindirirdi. Ancaq vəziyyət həqiqətən qorxunc idi. Ancaq başa düşürdüm ki, həyat sadədir, cəsarət və yaxşı əməlin mükafatı qarşıma mütləq çıxacaq. Ukraynadakı dostlarım bilirlər ki, mən niyə evə getməli oldum. Bilirəm ki, geri qayıtdığım üçün şanslıyam, amma yenə də eyni riskləri üzərimə götürməyə hazıram".
Kennedi qeyd edib ki, Ukraynada görüşdüyü insanlar indiyə qədər tanıdığı ən cəsarətlilərdir.
"Bu müharibə XXI əsrdə demokratiyanın taleyini həll edəcək. Bu arada mən hər kəsi köməyə çağırıram. Legiona qoşulun, sərhəddə kömək edin və ya tibbi ləvazimat göndərin. Hər gün Ukraynada kimsə davamlı sülh üçün hər şeyi qurban verir. Onlardan təkbaşına hərəkət etmək tələb oluna bilməz”, - deyə Konor vurğulayıb.