Modern.az

Dünya Erməni Sammiti çağırıldı - II Qaregin imtina etdi, “Daşnaksütyun” dəvət olunmadı

Dünya Erməni Sammiti çağırıldı - II Qaregin imtina etdi, “Daşnaksütyun” dəvət olunmadı

Dünya

29 Oktyabr 2022, 09:42

Ermənistanın paytaxtı İrəvan şəhərində Dünya Erməni Sammiti keçirilir.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, sammit ermənilər arasında bir sıra narazılıqlara səbəb olub. Belə ki, xaricdəki bəzi ciddi diaspor təşkilatlarının tədbirə çağırılmaması ermənilər arasında ixtilafın olduğunu bir daha ortaya qoyub.

Oktyabrın 28-dən 31-dək keçirilən sammit Ermənistanın diaspor prioritetlərini müəyyən etmək və gələcək əməkdaşlıq üçün “yol xəritəsi”ni hazırlamaq məqsədi daşıyır.
 

Baş nazir Nikol Paşinyan Dünya Erməni Sammitindəki çıxışı zamanı deyib ki, Ermənistan Respublikası yeni baxışların və yanaşmaların formalaşması və inkişafı üçün platformaya çevrilməlidir.
 

Paşinyan qeyd edib ki, Ermənistan-diaspor münasibətləri həm məzmun, həm sosial-psixologiya, həm də təşkilatçılıq baxımından dərin dəyişikliklərə məruz qalıb..
 

“Bizim təklifimiz və baxışımız yeni imkanlar tapmağa çalışmaq, Ermənistan Respublikasını müstəqil, suveren, təhlükəsiz, azad, inkişaf etmiş və demokratik dövlətə əsaslanan, yeni baxışların, arzuların, yanaşmaların formalaşdığı platformasına çevirməkdir”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin Dünya Erməni Sammitində iştirakdan imtina edib. İmtina səbəbi “ənənəvi ümumerməni təşkilatları və erməni milləti qarşısında mühüm xidmətləri olan şəxslərin daxil olmadığı iştirakçıların tərkibi”nə dair şübhələr olub.
 

II Qaregin sammitdə müzakirəyə çıxarılan mövzuları “anlaşılmaz” hesab edib, həmçinin onun keçirilməsinin Ermənistan cəmiyyətində gərginlik yarada biləcəyindən narahatlığını bildirib.
 

Böyük Kilikiya Kilsəsinin katolikosu I Aram da sammitdə iştirakdan imtina edib.

Maraqlıdır ki, “Daşnaksütyun” və Rusiya Erməniləri İttifaqı kimi böyük təşkilatlar sammitə dəvət olunmayıb.
 

Qeyd edək ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir - Erməni Qriqoryan Kilsəsi və Erməni Apostol Kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Böyük Kilikiya Kilsəsində əyləşir. Erməni Qriqoryan Kilsəsinə katalikos II Qaregin, Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI