Rusiya taxıl dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəziyyət aydınlaşana qədər hərəkətə icazə verilməyəcək.
"Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - rəsmi açıqlamada deyilir.
Xatırladaq ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.
Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.