Modern.az

Benyamin Netanyahu İsrailin yeni baş naziri ola bilər

Benyamin Netanyahu İsrailin yeni baş naziri ola bilər

Dünya

2 Noyabr 2022, 11:10

İsraildə keçirilən növbədənkənar parlament  seçkilərində eks-baş nazir Benyamin Netanyahunun bloku hələ ki liderdir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 1-də keçirlmiş seçkilərin ilkin nəticələrində keçmiş baş nazir Binyamin Netanyahunun “Likud” partiyası böyük üstünlüyə malikdir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 70,9%-nin hesablanmasından sonra Netanyahunun bloku  120 mandatdan 67-ni əldə edə bilir. İsraildə parlament çoxluğu əldə etmək və hökuməti formalaşdırmaq üçün 61 deputat yeri qazanmaq kifayətdir.


“Likud” partiyasının müttəfiqləri olan ifrat sağçı “Dini Sionizm” bloku hələ ki 14 yer, daha iki dini partiya – “Şas” və “Yaadut a-tora” isə müvafiq olaraq 12 və 9 yer qazana bilib.


Netanyahunun əsas rəqibi, hazırkı baş nazir Yair Lapidin rəhbərlik etdiyi “Yeş Atid” mərkəzçi partiyası indiyədək yalnız 23 mandat qazana bilib. Onun mümkün müttəfiqləri - müdafiə naziri Benni Qantsın “Mahane Mamlahti” mərkəzçi bloku - 12 mandat, maliyyə naziri Aviqdor Libermanın “Evimiz İsrail” və İslamçı RAAM partiyası hərəyə 5 mandat qazana bilib.

Solçu “Avoda” Partiyası və ərəb partiyalarının “Hadaş” və “Taal” birliyi hər biri 4 mandat yerinə sahiblənib. İndiki nəticələrə görə, solçu partiya "Meretz" seçki baryerini keçməyə bilər.


İsraildə hər bir səsvermənin güc balansını dəyişə biləcəyini nəzərə alan yerli politoloqlar yekun nəticələri gözləməyə çağırırlar.


Xatırladaq ki, Benyamin Netanyahu 12 illik hakimiyyətdən sonra 2021-ci ilin iyununda baş nazir postunu itirib. O, növbəti növbədənkənar seçkilərdən sonra hökuməti formalaşdıra bilməyib. Lakin onun opponentlərinin bəzən diametral əks fikirdə olan partiyalardan formalaşan bloku hakimiyyətdə ancaq bir ildən bir qədər çox qala bilib.


Son üç il yarım ərzində beşinci Knesset seçkiləri dünən - noyabrın 1-də keçirilib. Seçkilərdə səsvermə hüququ olan bütün vətəndaşların 71,3 faizi iştirak edib. Bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI